"Bakıda yerləşən özəl liseylərdə qiymətlər fərqlənir. Fərqli liseylərdə kifayət qədər fərqli qiymətlərdir. Adından göründüyü kimi, həm də bunlar özəl liseylər olduğu üçün qiymət tənzimləməsini dövlət həyata keçirmir. Həmin liseylər özləri xidmət haqqı olaraq qiyməti tənzimləyir. Həmin qiymətlərə təkcə həftənin 5 günü təhsil almaq daxil deyil, yəni adi dövlət məktəblərindən kifayət qədər fərqlənir və proqramda da fərq var. Digər tərəfdən orada şagirdlərin qidalanması, asudə vaxtın təşkili, gündəlik keçilən mövzular üzərində iş və bir sözlə bütövlükdə bu fəaliyyətlərin hamısı həmin qiymətlər çərçivəsində reallaşdırılır".
Bu fikirləri Faktmedia.az-a təhsil eksperti İlqar Orucov deyib.
Ekspert əlavə edib ki, özəl liseylərdə qiymətlər bir-birindən fərqlidir:
"Qiymətlər 7-8 min manatdan başlayır və 50 min manata qədər olan liseylər var. Həmin liseylər qiymət fərqini onunla əsaslandırırlar ki,bizdə xarici müəllimlər cəlb olunur, infrastruktur daha güclüdür, əmək haqqı yüksəkdir və s.Qiyməti əslində, tələb və təklif özü formalaşdırmalıdır. Əlbəttə ki, əgər 50 min manata lisey fəaliyyət göstərirsə, deməli onun müştərisi var, deməli ona müraciət edən var, yəni tələb var. Keyfiyyət baxımından liseylər xeyli fərqlidirlər.Yüksək qiymət təklif edən liseylərdə dərslər ingilis dilində təşkil olunur, yaxşı müəllimlər cəlb olunur, baxmayaraq ki, orta məktəb statusu daşıyır, proqramlar, dərsliklər modern formada təklif olunur, həm də o liseylərin bir çoxu xarici liseylərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Bu baxımdan da onlar daha güclü təhsil təklif edirlər. Özəl liseylərdə təhsili başa vurub məzun olanlar daha çox xarici universitetlərə üz tuturlar. Çünki kifayət qədər bahalı təhsil təklif olunan liseyin müştərisi də imkanlı ailələrin övladlarıdır və onların hədəfi də əksər hallarda xaricdə təhsil almaq olur. Mən düşünürəm ki, belə liseylər yaxşı və keyfiyyətli təhsil verirlər, çünki mütəmadi olaraq şagird qiymətləndirilməsi həyata keçirilir və zəif nəticə göstərən şagirdi həmin lisey orada saxlamaq marağında olmur.Ümumilikdə şagirdlər arasında rəqabət formalaşır. Bəzən bizə suallar verirlər ki, niyə həmin liseylərin uşaqları ali məktəblərə qəbul imtahanlarında 700 bal yığmırlar, nədən o məktəbin məzunlarının adını prezident təqaüdü alanlar sırasında görmürük? Nəzərə alsaq ki, övladlarının bu liseylərdə təhsil almasına maraqlı olan valideynlərin böyük əksəriyyəti Azərbaycanda yox, xaricdə təhsil almağı düşünür. Amma qiyməti bir qədər aşağı olan liseylər də var ki, onların universitetə qəbul faizinə baxsaq görərik ki, 100 faiz nəticə ilə qəbul olan məzunlar var və bu da onu göstərir ki, onlar yaxşı təhsil verə bilirlər.
Rəna Həsənova