Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin müəyyən etdiyi qiymətlər artıq bəllidir. Əvvəlkinə nisbətən gediş haqları dəyişib. Yəni artıb. Maraqlıdır bu qiymət artımından sonra taksilərdən istifadə də azalma müşahidə olunubmu?
Məsələ ilə bağlı faktmedia.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ictimai nəqliyyatın yetərli xidmət göstərməməsi elə taksilərə təlabatı artırır, hələ bu tendensiya davam edəcək, nəyinki, azalma baş versin:
"Məsafələrdən asılı olaraq taksilərdə gediş haqları dəyişib, yəni yaxın məsafələrə gedişlərin qiymətində fərq var, bu qiymətlər 2 manat 50 qəpikdən yuxarı olaraq başlayır. Amma uzaq məsafələrə taksi gediş haqları yenə də olduğu kimi qalır. Bu gün sərnişindaşımanın əsas meyarlarından biri də ucuz sərnişindaşımanın olmasıdır. Yəni gediş haqları nə qədər aşağı olarsa, vətəndaşlar bir o qədər bu xidmətlərindən istifadə edərlər. Digər tərəfdən şəhərdaxili və ətraf ərazilərə daşımalarda kompensasiya edəcək nəqliyyat vasitələrinin yoxluğu, tələbatı tam qarşılaya bilməməsi müəyyən qədər problemlər yaradır. Gələcəkdə bu problemlərin, çətinliklərin aradan qaldırılacağına inanırıq. Ümumilikdə bu gün taksi qiymətlərini münasib hesab etmək olar. Hesab edirəm ki, gələcəkdə sərnişindaşımada qiymətlərimiz nəinki qonşu ölkələrə, hətta inkişaf etmiş ölkələrə nisbətən, onların bizi nümunə göstərəcəyi həddə olacaq".
Rəna Həsənova