"Vahid taksi sistemi haqqında məndə məlumat yoxdur, nəinki məndə, ümumiyyətlə ictimaiyyətdə bununla bağlı hər hansı bir məlumat yoxdur. Vahid taksi sistemi, vahid taksi xidməti, vahid nəzarət sistemi kimi terminlər müxtəlif qurumlar tərəfindən tez- tez işlədilir və yaxud da mediada biz bunları eşidirik, amma bunun nədən ibarət olması bu ifadələri işlədən şəxslərdən başqa heç kimə məlum deyil".
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. Ekspert əlavə edib:
"Amma, onu deyə bilərəm ki, hansı sistem qurulur qurulsun, Azərbaycanda taksi tariflərinin yüksəlməsi üçün hər hansı bir əsas yoxdur. Bu gün ictimai nəqliyyatın bərbad olması səbəbilə taksiyə tələb var, eyni zamanda, taksiyə tələb olduğu qədər də təklif var. Yəni kifayət qədər taksilər də var, taksi şirkətləri də var. Mən düşünmürəm ki, yeni sistem qurulandan sonra taksidə gediş haqları kəskin artsın. Taksi qiymətləri dəyişən tariflərdir. Əgər qiymət bu gün artırsa, sabah enə də bilər və yaxud da qiymət enirsə, sabah yenidən qalxa da bilər. Bunlar hamısı mövsümlə, iqlimlə, həmçinin günün müxtəlif saatları ilə əlaqəli olan məsələlərdir".
Rəna Həsənova