"Vahid taksi sistemi Azərbaycanda tətbiq olunan bir sıra vahid pəncərə, mərkəzləşmiş idarəetmə və başqa kateqoriyalara uyğun gəlir. Bu, o deməkdir ki, daha çox inhisarçılıq ortaya çıxmağa başlayır. Əslində, bu kimi məsələlərdə normal nəzarət olsa, heç qiymətlər də bu qədər baha olmaz. Alternativlərin, sağlam rəqabətin olması lazımdır".
Bunu Faktmedia.az-a deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, rəqabət yoxdursa, hansı qaydaları uydurursan uydur, bunun bir o qədər də effekti olmur:
"Ona görə də biz bu məsələlərdə daha çox rəqabət mühitinin yaranmasına çalışmalıyıq. Nə qədər şirkətlər çox olarsa və onlar arasında rəqabət olarsa, o zaman iş də effektli olar. Amma vahid taksi prinsipi odur ki, bu kiminsə inhisarına verilir və inhisarda da istədiyi qiyməti qoyacaq, necə ki, dərman və başqa sahələr bərbad vəziyyətdədir, bu da elə bir vəziyyətə düşə bilər. Mərkəz olmur ki, şikayət edə biləsən. Rəqabət olanda bu şirkətdən istifadə etmirsən və onun gəlirləri aşağı düşür. Amma rəqabət olmayanda məcbur olub birindən istifadə edirsən və onun qiymətləri ilə də razılaşmalı olursan. Mən hələ vahid taksi sisteminin fəaliyyəti, proqramı ilə bir o qədər də tanış deyiləm, amma əvvəlki illərin təcrübəsi göstərir ki, bu metod fayda vermir, xüsusilə də, vətəndaşın ziyanına işləyir".
Qeyd edək ki, artıq xarici taksi şirkətlərinin fəaliyyətlərini dayandıracağı ilə bağlı xəbərlər də yayılıb.
Rəna Həsənova