"Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları sona çatdı və biz nəticəni təhlil etsək görürük ki, əslində abituriyentlərin hazırlığını bütövlükdə qənaətbəxş saymaq olar. Çünki ali təhsil müəssisələrinə nəzərdə tutulmuş plan yerlərinin əksəriyyəti artıq tutulubdur".
Bu fikirləri Faktmedia.az-a təhsil eksperti İlqar Orucov 2023-cü il üçün ali təhsi müəssisələrinə qəbul imtahanları və göstərilən nəticə ilə bağlı danışarkən deyib.
Ekspert əlavə edib:
"Əlbəttə, biz abituriyentlərdən hər zaman yüksək nəticə gözləyirik. Cəmiyyət olaraq istəyirik ki, bizim ali təhsil müəssislərimizə qəbul üçün imtahan verən abituriyentlərimiz daha yüksək nəticə qazansınlar. Əlbəttə bunlar gözləntilərdir, amma reallıqlar var. Biz hamıdan yüksək nəticə gözləyə bilmərik. Nəzərə alsaq ki, bu bir imtahan prossesidir və imtahanın nəticəsi yekunda, keçid ballarında özünü göstərir. Builki keçid balları da xeyli aşağı düşdü və bu onu göstərir ki, bizim arzularımız və gözləntilərimiz hər zaman yüksək səviyyədə təmin olunmur. Amma buna baxmayaraq mən abituriyentlərin imtahan prossesində əldə etdikləri nəticələri qənaətbəxş hesab edirəm. İmtahan nəticələri özünü plan yerlərinin faiz nisbətilə dolmasında göstərir. Biz daha çox nəticə arzusunda ola bilərik, daha çox nəticə gözləyə bilərik, amma bəzi reallıqlar var. Burada bir çox faktorlar var, hansı ki, çoxları iddia edir ki, suallar çətindir, bir qədər mürəkkəbdir. Təbii ki, imtahan prossesinin müəyyən qədər yumşaldıılmasını hər birimiz istəyirik. Əlbəttə, tələbə adını qazanmaq asan deyil, bu ciddi hazırlıq tələb edir. Ciddi hazırlıq olmadan ali təhsil almaq mümkün deyil. Bu baxımdan mən sualların çətin olması iddiasını o səviyyədə qəbul etmirəm. Abituriyentlər əziyyət çəkirlər və əziyyətlərinin nəticəsi olaraq ümid edirəm ki, istədikləri ixtisasa yiyələnərlər. Doğrudur, məyusluqlar da olur. İmtahan prossesi hər zaman belə olubdur. Ümumilikdə nəzər salsaq, nəticələr o qədər də acınacaqlı deyil, qənaətbəxşdir".
Dövlət İmtahan Mərkəzindən isə saytımıza bildirilib ki, imtahan nəticələrinin geniş elmi-statistik təhlilinə qəbul kampaniyası tam başa çatandan sonra başlanılır və bir neçə ay çəkir. 2023-cü il növbəti ilin fevral-mart aylarına hazır olacaq".
Rəna Həsənova