"Ali təhsil müəssisələrinə qəbul planı müvafiq olaraq Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Bu onların səlahiyyətindədir. Əslində qəbul planında hər il artım olur. Bunun pandemiya ilə əlaqəsi yoxdur. Biz ali təhsil müəssisələrinə imtahan verən abituryentlərin orta qəbul balında artım məsələsini müzakirə edə bilərik".
Bunu Faktmedia.az-a təhsil eksperti İlqar Orucov deyib. Ekspert əlavə edib ki, bu baxımdan pandemiyanın fəsadları hələ də özünü göstərməkdədir:
"2 ilə yaxın müddətdə təhsil müəssisələrinin onlayn fəaliyyət göstərməsi bütövlükdə təhsilin keyfiyyətinə təsir göstərdi. Nəinki bizim ölkəmiz, bütün dünya dövlətləri bu prossesə hazır deyildi. Ani, məcburi qərar təhsili onlayn qaydada davam etdirilməsinə gətirib çıxardı. Buna nə məktəb, nə müəllimlər, nə şagirdlər, nə də cəmiyyət hazır deyildi. Mən düşünmürəm ki,bunun fəsadlarını qısa müddətdə aradan qaldıra biləcəyik.
Qəbul imtahanlarında yüksək bal toplaya biləcək abituryentlərin sayının artması DİM tərəfindən tərtib olunacaq sualların çətinlik səviyyəsindən asılıdır. Biz sualları elə tərtib edə bilərik ki, ölkə üzrə hər il 1000 nəfər 700 bal toplaya bilər, amma elə suallar da qoya bilərik ki, heç bir nəfər belə 700 bal toplaya bilməz. Sualların çətinliyi burada başlıca faktordur. Son günlər bu məsələ müzakirə mövzusuna çevrilib. Abituryentlər, onların valideynləri, müəllimlər iddia edirlər ki, qəbul imtahanına düşən suallar çətin suallardır. Mən də bunun tərəfdarlarından biriyəm. Qəbul imtahanının sualları bu qədər çətin olmalı deyil. Əlbəttə, suallar nə qədər çətin olacaqsa, bu qəbul sayına da öz təsirini göstərəcək. Yenə də biz hələ bu haqda proqnoz verə bilərik. Yekun nəticələri imtahandan sonra biləcəyik. Pandemiya dönəminin təhsilə təsiri qəbul ballarında da özünü göstərdi. Biz bu boşluqları hələ doldura bilməmişik".
Rəna Həsənova