Hər il yüzlərlə abituriyent təhsil üçün xaricə üz tutur. Xaricə gedən tələbələrin bir qismi təhsilini başa vurduqdan sonra ölkəyə də geri qayıtmır. Düzdür, əsasən Dövlət İmtahan Mərkəzinin imtahanında kifayət qədər bal toplaya bilməyənlər xaricdə oxumağa gedir. Amma dövlət hesabı ilə də təhsil alanlar olur. Araşdırmalardan məlum olur ki, xaricə gedənlər təhsil haklarının baha olması ilə əlaqələndirirlər.
Mövzunu Faktmedia.az-a şərh edən təhsil eksperti Səfa Xəlilov bildirib ki, bu, hal-hazırda aktual mövzulardan biridir:
"Düzdür, xaricə gedən tələbələr beynəlxalq təhsil sisteminə, digər dövlətlərin müasir təhsil təcrübələrinə yiyələnirlər. Mən bu məsələyə iki prizmadan yanaşmaq istərdim: Birinci hal yerli təhsil müəssisələrində təhsil haqlarının yüksək olması, ikinci hal isə qiymətləndirmədə bal məhdudiyyətlərinin olmasıdır. Əksər gənclərimiz yerli təhsil müəssisələrində ödənişli təhsilini davam etdirə bilməməsi səbəbindən başqa dövlətlərin təhsil müəssisələrinə üz tutur və bu da sonradan müəyyən problemlər yaradır. Nəticədə də gələcək üçün potensial kadrlar yetişdirilmir. Mən hesab edirəm ki, təhsil haqları azaldılmalı, qəbul sayı artırılmalıdır. Bəzi məhdudiyyətlərin də sayı azaldılsa, ixtisas sayı artırılsa oxumağa həvəsi olan, lakın keçid balını az toplayan tələbələr də təhsildən geri qalmazdılar".
Rəna Həsənova