Bilindiyi kimi 6 fevral tarixində Türkiyədə baş vermiş olan dağıdıcı zəlzələ bir çox tələbələri, o cümlədən valideynləri narahat etməyə başlayıb. Qarşıdakı mart ayının abituriyentlər üçün imtahan ayı olduğunu nəzərə alsaq, imtahanları uğurla verdikdən sonra Türkiyədə təhsil almağı düşünən abituriyentlərin çoxunun içərisində artıq tərəddüdlər yaranmağa başlayıb. Belə olan halda, Türkiyədə baş vermiş zəlzələdən sonra ölkədə yerli universitetlərdə oxumaq istəyənlərin sayı necə dəyişəcək? Həmçinin Azərbaycan baloniya təhsil sistemindən çıxa bilərmi?
Təhsil üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı Faktmedia.az-a danışıb.
Müsahibimiz bildirib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanlı tələbələrin sayına təsir göstərəcək. Çünki bu ərazilərə qəbul daha asan olduğundan buraya üz tutan tələbələrin sayı çox idi. Lakin zəlzələni nəzərə alsaq, 2022-2023 tədris ilində Türkiyədə təhsil almaq istəyən tələbələrin sayında azalma müşahidə oluna bilər. Məsələn, əvvəl 1000 tələbə üz tuturdusa, indi bu say 600-700-ə qədər enəcək. Əlbəttə burda bir çox səbəblər var. Çünki insanlar təhsildən öncə öz sağlamlıqlarını və təhlükəsizliklərini düşünürlər. Bunu nəzərə alaraq bizlər vətəndaşlara məlumat verməliyik. Bilirsiniz ki, həmin ərazilərdə əhali təxliyə olunur, tələbələr başqa universitetlərə köçürülür. Həmçinin nəzərə alsaq ki, Türkiyədə prezident seçkiləri keçiriləcək, eyni zamanda Türkiyə cümhuriyyətinin yüzilliyi tamam olur. Yəni müəyyən xarici qüvvələrində Türkiyədə təxribat xarakterli planlarının olacağını düşünsək, bunlara nəzərən vətəndaşlarımız diqqətli olmalıdırlar. Əlbəttə bu da öz növbəsində təhsilə təsir göstərmiş olacaq".
Ekspert əlavə edib ki, Azərbaycanın baloniya sistemindən çıxması yaxın zamanlarda gözlənilmir:
"Çünki faktiki olaraq, baloniya sistemində dərslər tədris olunur və biz 2004-cü ildən etibarən baloniya sisteminə keçid etmişik. Ondan əvvəlki dövrdə Avropa Şurasına qəbul olunduq. Baloniya sistemi də şuraya üzv qəbul olunduqdan sonra tətbiq edilməyə başladı və artıq 19 ildir ki, bu sistem ali və orta təhsil müəssisələrində öz əksini tapıb. Yeni bir sistem meydana çıxmadan baloniya sisteminin dayandırılması gözlənilmir".
Fəqan Teymuroğlu