"Rusiya öz daxili bazarı üçün buğdanı ucuz qiymətə satır, xaricə isə daha baha qiymətə satır və bununla əlaqədar dövlət idxalçılarına əlavə subsidiyalar, güzəştlər də ayırmışdı. Mənim zənnimcə bu gün qiymətlər azalsa da, müəyyən dərəcədə subsidiyalara da təsir edəcək, təbii ki, subsidiyaları da azaldacaqlar. Amma əslində, bu gün dövlət subsidiyaları azaltmırsa, qiymətlər aşağı düşməlidir, yəni müvafiq orqanlar bununla məşğul olmalıdırlar".
Faktmedia.az xəbər verir ki, bunu iqtisadçı Emin Qəribli deyib.
İqtisadçı əlavə edib:
"Qiymətlər müəyyən qədər aşağı düşübsə, bazarlarda da qiymət aşağı düşməlidir, un məmulatlarının da qiymətində azalmalar olmalıdır. Əslində olmalıdır, amma, çox güman ki, müəyyən işbazlar bu durumdan, vəziyyətdən istifadə edib,qiymətləri endirməyəcəklər. Mənə elə gəlir ki, burada monitorinqlər keçirib, müəyyən təzyiq mexanizmləri də işlənməlidir ki, bu qiymətlər həqiqətən də azalsın. Bizdə bu məhsullara tələbat daha çoxdur. Avropa və digər ölkələrlə müqayisə etsək, bizdə çörək və un məmulatlarından daha çox istifadə olunur. Taxılın qiymətinin enməsi mövsümlə də əlaqədar ola bilər. İndi iyul ayıdır, buğda mövsümüdür. Növbəti aylarda qiymət yenidən artırıla da bilər. Bu haqda proqnoz vermək də çətindir. Bu gün qiymətlərin enməsi ilə növbəti aylarda yenidən artması arasında fərq çox olmaya da bilər".
Rəna Həsənova