Azərbaycanda günü-gündən meyvələrin qiyməti artır. Satış nöqtələrində müxtəlif qiymətlər "əl yandırır". Satıcıdan soruşduqda isə deyir ki, biz özümüz da rayonlardan baha alırıq. Rayonda öz həyətindən meyvə satanlar isə bunun əksini deyir. Deyirlər bizdən "su qiymətinə" alırlar.
Mövzu barədə Faktmedia.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, bazarlarda meyvələrin qiymətinin artmasının əsas səbəbi mövsümi faktorlarla əlaqədardır:
"Bilirik ki, hazırki dönəmdə anbarlarda olan meyvələrin getdikcə tükənməsi qiymətlərin artmasına səbəb olur. Eyni zamanda, təbii olaraq burada ümumi qlobal inflyasiyanın ölkəmizə təsir etdiyi amilləri də bunun üzərinə gəlsək, qiymətlərin ikinci qalxma səbəbini də görə bilərik. Digər məsələ isə, yerli məhsulun xaricə ixrac olunması, yəni daxili tələbata yönəldikdən əlavə olaraq xaricə də ixrac olunma tələb-təklif faktorundan dolayı qiymətlərin artmasına səbəb olur. Eyni zamanda, məhsulların bilavasitə saxlanılması üçün regionlarda iri həcmli anbarların tikintisinə böyük ehtiyac vardır. Məhsulun daha keyfiyyətli, daha uzunmüddətli saxlanılması üçün iri həcmli tədarük məntəqələri olmalıdır. Düşünürəm ki, növbəti meyvə mövsümünə qədər, yəni hər bir məhsulun yenisinin çıxacağı dövrə qədər biz bu məhsulların qiymətində artım müşahidə edəcəyik".
Faktmedia.az olaraq şəhərdə meyvələrin qiymətini araşdırdıq.
1. Heyva - 1kq 2,50-3 AZN
2. Armud - 1kq 1,50 - 4 AZN
3. Nar - 1kq 2-3 AZN
4. Apelsin - 1kq 2-5 AZN
5. Feyxoa - 1kq 2,50 AZN
6. Ananas - 1 ədəd 7-9 manat
Qeyd edək ki, meyvələrin qiyməti hər gün dəyişir. Daha böyük marketlər şəbəkəsində isə bu qiymətlər daha baha qiymətə təklif edilir.
Bəs Azərbaycanda meyvə ağacları əkilmir, yoxsa kənd təsərrüfatı məhsullarının belə bahalaşması heç kimi düşündürmür? Kənd Təsərrüfatı Nazirliyi bəs nə deyir? Nazirik bildirir ki, bunun onlara heç bir aidiyyatı yoxdur. Nə bahalaşma, nə ucuzlaşma baş verirsə, onların səlahiyyətindən kənardadır.
Rəna Həsənova