"Kənd təsərrüfatı məhsullarının qiymətinin tənzimlənməsi, nəzarətə alınması olduqca çətin bir işdir və bunun öhdəsindən heç bir ölkə demək olar ki, gələ bilmir".
Bu fikirləri Faktmedia.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son günlər rayonlardan gətirilən məhsullarının bahalaşmasına münasibət bildirən zaman deyib. Ekspert bildirib ki, bunun üçün qiymət siyasəti mùəyyən edilməlidir:
"Əksər ölkələr buna cəhd etmirlər. Bizdə bahalaşmanın iki əsas səbəbi var: Birinci məsələ odur ki, əhalinin tələbatı qədər ölkəmizdə məhsul istehsal olunmur. İkinci səbəb isə, bazarlarda monopoliyanın olmasıdır. Hər iki səbəbdən ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiyməti başqa ölkələrə nisbətən yüksəkdir. Təəssüflər olsun ki, yaxın zamanlarda bunun qarşısını almaq mümkün olmayacaq. Məhsuldarlığın aşağı olması, məhsul istehsalının baha başa gəlməsi, istifadə olunan istehsal vasitələrinin xaricdən idxal olunmasına görə, bu problem hələ ki, həll oluna bilməyəcək. Bu məsələni həll etmək üçün bazarlarda monopoliyanın qarşısı alınmalıdır. Hesab edirəm ki, bu məsələ ilə hökümət təşkilatları ciddi məşğul olmalıdırlar".
Rəna Həsənova