“Bilirsiz ki, ipoteka kreditləri həm güzəştli əsaslarla, həm də adi qaydada verilir. Hər iki halda da faizlərin kifayət qədər yüksək olduğunu düşünürəm”.
Bunu faktmedia.az-a iqtisadçı alim Vüsalə Əhmədova deyib.
Ekspert bildirib ki, illik faiz dərəcələrinin yüksək olması kreditin aylıq məbləğinin hardasa orta aylıq əmək haqqına bərabər olmasına və hatda ondan da yüksək olmasına gətirib çıxarır. Belə olan halda da, aşağı gəlirli əhali təbəqəsi üçün ipoteka kreditləri əlçatmaz olur. Kredit götürənlər əsasən hərbi sahədə, bank və sığorta qurumlarında, energetika sektorunda, hüquq-mühafizə orqanlarında, yerli və xarici dövlət qurumlarında çalışanlardır. Güzəştli şərtlərlə ipoteka krediti alanların da əksəriyyəti yenə hərbi qulluqçular və dövlət qulluqçularıdır. İpoteka krediti götürənlərin 51%-nin məvacibi 1101 manatdan yüksəkdir, 17%-nin maaşı 701-900 manat, 16%-nin 901-1100 manat, 12%-nin 501-700 manat arasında dəyişir. Məlumdur ki, ölkədə orta aylıq əmək haqqı 400-600 manatdır”.
Vüsalə Əhmədova əlavə edib ki, elə bir sistem qurulmalıdır ki, aşağı gəlirli insanlar da ipoteka krediti ilə ev sahibi ola bilsin:
“Necə ki, Avropa Birliyi ölkələri sosial ipoteka modelini mənimsəyib, bizdə də büdcə vasitəsilə sosial ipoteka kreditlərinin verilməsi mexanizmi təkmilləşdirilməlidir. Nümunə üçün bildirim: Məsələn, Almaniyada illik ipoteka kredit faizləri 0,90% ilə 1,99% arasındadır. Sadə dildə ifadə etsək, bizim aylıq banklara ödədiyimiz faiz məbləği, Avropa ölkələrində illik ödənilən faiz məbləğindən bir çox halda yüksək olur. Nəticədə də, vətəndaş müddət sonunda banka aldığı evin dəyərindən yüksək məbləğ ödəmiş olur. Yaxşı olardı ki, bizdə də ipoteka faiz dərəcələri 3%-i keçməsin. Belə olan halda, aşağı və orta gəlirli vətəndaşlarımızın da ev sahibi olması mümkün olar”.
Bəsti Məmməd