“Azərbaycanda istehsal olunan kolbasa məmulatları xarici ölkələrdən gətirilir. Hindistanda müqəddəs hesab edib yemədikləri inək ətini Azərbaycana gətirib kolbasa hazırlayırlar. Hətta 1 kiloqramı 5 manata başa gəlir”.
Bu fikirləri Faktmedia.az-a açıqlayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, həmin ölkələrdə bu ətlər yeyilmir:
“İstifadə edilməyən ət məmulatları Azərbaycana gətirilir. Azərbaycanda isə şirkətlər qocalmış heyvanların ətinin 1 kq-nı 4 manata alırlar. Kolbasa, sosiska məmulatlarının ət mənbəyi bu yerlərdən qaynaqlanır. Lakin bütün hallarda kolbasanın qiymətinin ətin qiymətindən yüksək olması birmənalı şəkildə yalnız xaricdən gətirilən kolbasalara aiddir. Əhali bilməlidir ki, xaricdən gətirilən kolbasalar heç də ekoloji cəhətdən təmiz deyil, baxmayaraq ki, onlar bahadır, etiketləri cəlbedicidir, yararlılıq müddəti uzundur. Amma təəssüflər olsun ki, əhali də bunlara üstünlük verir. Kolbasa məmulatlarının hazırlanmasında məlumdur ki, təkcə ət iştirak etmir, çoxsaylı digər inqrediyentlər əlavə edilir və heç də 1 kq kolbasa 1 kq ət deyil. Hazırda bu müqayisə yalnız xaricdən gətirilən kolbasalarla ola bilər. Onların qiyməti çox bahalıdır və bəlkə də bu bilərəkdən belə qoyulub ki, əhali onlara üstünlük versin. Əhalinin düşüncəsində belə bir fikir var ki, bahalı mal yaxşı maldır. Bu qətiyyən doğru deyil. Xaricdən gətirilən, xüsusən də, kolbasa məmulatları yerli kolbasa, sosiska məmulatlarından keyfiyyətcə çox-çox aşağıdır".
E. Hüseynova əlavə edib ki, ölkədə keyfiyyətə nəzarət edən demək olar ki, heç bir qurum yoxdur:
"Mən dəfələrlə Qida Təhlükəsizlik Agentliyinə təklif etmişəm ki, keyfiyyətə nəzarət edilsin. Lakin keyfiyyət məsələsi masa üstündə qalıb və AQTA malların təhlükəsizliyinə nəzarət edir. Biz bunu da bilməliyik ki, illər boyu 2015-ci ildən bu yana ətin də, kolbasanın da qiyməti dayanmadan artır və bu yüksələn hədlə gedir”.
Bəsti Məmməd