"Hər bir qida məhsulu kimi çörəyin də satışı müvafiq qaydalara uyğun olaraq həyata keçirilməlidir. Burada həm gigiyena, həm daşınma, həm də saxlanma qaydalarına riayət etmək lazımdır".
Bu sözləri Faktmedia.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Ekspert bildirib ki, bəzi hallarda çörəyin satışının qaydalara uyğun aparılmadığını müşahidə edirik:
“Buna daha çox kiçik mağazalarda rast gəlinir. Bu da istehlakçıların hüquqlarının pozulması, eyni zamanda məhsulun satış qaydalarına ziddir. Natəmiz şəraitdə çörəklərin satışı insanların sağlamlığına zərər vurur, təhlükə yaradır. Bəzən biz çörəklərin uyğun olmayan qablaşdırmalarda, maşınlarda daşınmasını müşahidə edirik ki, bu da yolverilməz haldır. Düşünürəm müvafiq orqanlar mübarizə aparmalıdır”.
“Təklif edirəm ki, hər bir kəs vətəndaş mövqeyini ortaya qoyub, ən azından natəmiz şəraitdə olan yerlərdən çörək almasınlar.
Belə şəraitdə çörəyin satılması həmin mağazaların öz mənafelərinə də ziddir. Bu onların da gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır. Un məmulatları və çörək məhsullarının satışı gigyenik qaydalara uyğun aparılarsa, həm istehlakçıların hüquqlarının pozulmamasına, həm də həmin məhsulun satışını həyata keçirən obyektin daha da səmərəli işləməsinə gətirib çıxarar”- deyə ekspert əlavə edib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirib ki, qida məhsulları tarladan və yaxud fermadan istehlakçının süfrəsinə qədər risk nöqtələrindən keçir:
"O cümlədən, risk nöqtələrindən biri də onun daşınması məsələsidir. Təəssüflər olsun ki, daşınma məsələlərində də hər zaman problemlər yaşanır. Əksər hallarda çörək səhər saatlarında avtomobillərin yük yerlərində daşınır. Nəzərə alsaq ki, həmin saatlarda heç bir dövlət orqanı işdə deyil və bu halları müşahidə edə bilmir. Bir daha təəssüflə qeyd edirəm ki, buna AQTA da nəzarət edə bilmir. Qanunvericiliyə görə cəld reaksiya mexanizmi yoxdur. Biz həmişə təklif etmişik ki, AQTA-ya xüsusi səlahiyyət verilsin, cəld reaksiya mexanizmi olsun. Hər hansı bir qaynar xətt telefonuna müraciət etdikdə cəld onun qarşısını alan insanlar mövcud olsun. Hal- hazırda bu mexanizm olmadığına görə bu hallar yaşanır. Düşünürəm ki, bunun qarşısını almaq üçün ictimai nəzarət öz rolunu göstərə bilər. İnsanlar belə hallarla rastlaşdıqda öz iradlarını bildirməli, AQTA-nın 1003 qaynar xəttinə müraciət etməlidirlər. Ölkədə media nəzarət edən dövlət orqanlarından çox irəlidə gedir. Dövlət başçısının ictimai nəzarətə dair çağırışları o zaman nəticə verəcək ki, dövlət orqanları və ictimaiyyət media ilə rahat əlaqəli işləyəcəklər. İnzibati yollarla bunun qarşısını almaq çox çətindir".
Rəna Həsənova