"Əslində gediş haqlarının artırılması ilə bağlı qərar gözlənilən idi. Şəhərdaxili marşrutları istismar edən nəqliyyat şirkətləri bu məsələ ilə bağlı dəfələrlə Nazirlər Kabinetinin Tarif Şurasına müraciət etmişdilər".
Bunu Faktmedia.az-a deputat Əli Əhmədov deyib.
Ekspert bildirib ki, həmin şirkətlər gediş haqlarının aşağı olmasının nəqliyyat xərclərinin ödənilməsində çətinliklər yaratdığını bildirirdilər:
"Bu barədə onlar ölkə Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Tarif Şurasına müraciət edərək bildirmişdilər ki, mövcud qiymətlər nəqliyyat vasitələrinin xərclərini qarşılamır. Bu həm ölkəyə gətirilən nəqliyyat vasitələrinin qiymətinin çox baha olmasından, həm də, yanacağın qiymətinin bahalaşmasından irəli gələn bir məsələ idi. Doğrudur, dövlət tərəfindən kompensasiya ödənilsə də, yanacağın qiymətinin yüksək olması artan xərcləri ödəmirdi. Buna görə də gediş haqlarının artırılması haqqında qərar qəbul olundu. İnanıram ki, bu qiymət artımından sonra yaxın vaxtlarda yanacağın qiymətində heç bir dəyişiklik olmayacaq".
Əli Əhmədov hesab edir ki, yanacağın qiymətinin artması zəncirvari formada yenidən gediş haqlarının artmasına səbəb ola bilər:
"Yanacağın artımı isə təkcə sərnişindaşımaya deyil, həm də tikinti sektoruna, sənayenin digər sahələrinə, kənd təsərrüfatına da təsir edir. Ümid edirəm ki, bu qiymət artımı Tarif Şurasının qərarında əsaslandırıldığı kimi sərnişindaşımada keyfiyyətin yüksəlməsinə səbəb olacaq".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.
Rəna Həsənova