"Dövlət xəstəxanası ilə özəl xəstəxana arasında peyvəndlərlərin qiymət fərqinin olması onlarda keyfiyət fərqinin olması demək deyil".
Bu sözləri Faktmedia.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O bildirib ki, dövlət xəstəxanalarında vurulan vaksinlərin pulunu dövlət ödəyir:
“Bu vaksinlər də kifayət qədər bahadır və pulla alınır. Buna görə də bu vaksinlər vətəndaşlara ödəniş etmədən vurulur. Amma özəl müəssisələrdə pullu xidmət göstərirlər. Keyfiyət fərqi belə ola bilər ki, özəl klinikalarda həm Hindistan istehsalı, həm də Avropa istehsalı vaksinlər görə bilirik. Amma dövlət tərəfindən vurulan vaksinlərin əksəriyyəti Hindistan istehsalıdır. Bu da keyfiyət fərqi var deməyə əsas vermir. Bunu demək üçün gərək həmin peyvəndləri ekspertizadan keçirələr və keyfiyət fərqi olub olmadığını deyələr".
Ekspert qiymət fərqinin ucuz olmasında bir çox faktorların olduğunu bidirib:
"Bunun maya dəyəri ucuz başa gəlir. Çünki istehsal olunan ölkədə işləyən işçilər az maaş alırlar amma Avropada çox maaş alırlar. Bu artıq maya dəyərinə təsir göstərir. Dövlət xəstəxanalarında peyvənd vurduran insanlar da kifayət qədərdir amma bəziləri ona görə özəl klinikada peyvənd etdirməyə can atırlar ki, orada xidmət məsələsi daha keyfiyətlidir. Uşaqlara daha çox can yandırırlar, vaksinin vurulması məsələsi daha rahat olur. Orada iş şəraiti, mühit daha yaxşıdır. Bunların hamısı vurulan vaksinin qiymətinə öz təsirini göstərir”.
Qeyd edək ki, uşaqlara peyvəndin vurulması özəl xəstəxanalarda 40 manatdan başlayır. Bu məbləğ hər bir özəl xəstəxana üzrə dəyişir. Lakin bu peyvəndlər dövlət xəstəxanasında pulsuz vurulur. Bu isə insanlarda şübhə yaradır. Düşünürlər ki, pulsuz vurulursa ola bilsin vaxtı keçmiş olsun və ya keyfiyyətində fərq var.
Havar Şəfiyeva