"Bu gün bəşəriyyətin ən aktual problemlərindən biri gündən günə artan xərçəng xəstəliyidir. Tarixən bu xəstəliyə az rast gəlinsə də, zamanımızın bu çağında digər xəstəliklər kimi xərçəng xəstəliyinin də miqyası böyüyüb və gəncləşib”.
Bunu Faktmedia.az-a onkoloq Cəlil Bağırov deyib. Həkim bildirib ki, onkoloji xəstəliklərin tam yaranma səbəbi bilinməsə də, bəzi amillər bu xəstəliyin yaranmasında xüsusi rol oynayır:
“Siqaret, spirtli içkilər, müxtəlif qida əlavələri, şəkərli və unlu qidalar, düzgün qidalanmamaq, artıq çəki, hərəkətsiz həyat, ekologiyanın çirklənməsi, radiasiya, ultrabənövşəyi şüalar, müxtəlif toksinlər və ən əsas genetik səbəblər xərçəngin yaranmasında ən başlıca faktorlardır. Bu gün təkcə xərçəng xəstəliyinə görə yox, digər xəstəliklərin də qarşısını almaq və ya əmələ gəlmiş bir xəstəliyi daha erkən müəyyən edib müalicə olunması sağalmaya kömək edir. Ona görə də hər zaman qeyd edirik ki, insanlar gözləməsinlər xəstəlik gəlib qapılarını tıqqıldatsın. Heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçsinlər”.
Həkim vurğulayıb ki, xəstəliyin əlamətləri xərçəngin növündən asılı olaraq çox dəyişir:
“Bədxassəli şişlər xərçəngin inkişaf etdiyi nahiyənin yaxınlığındakı orqanlara , limfalara yayıla bilər, onların funksiyasına təsir edə və ya ordakı qan damarlarını, sinirləri sıxa bilər. Bir çox toxuma və orqanlarda meydana gələ bilən xərçəng bir çox fərqli əlamətlərlə özünü göstərə bilir. Xərçəng xəstəliyi tez-tez yorğunluq, çəki itkisi və ümumi narahatlıq hissi kimi ümumi əlamətlərlə özünü göstərir və metabolik dəyişikliklərə səbəb olur. Bu əlamət və simptomlar ilə xərçəng xəstəliyi özünü biruzə verə bilir. Əgər sizdə də bu əlamətlərdən biri və ya bir neçəsi varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə çox böyük fayda vardır. Unutmayın, hər kəsin taleyi və sağlamlığı öz əlindədir”.
Havar Şəfiyeva