Bütün dünya ölkələri kimi Azərbaycanda da artıq "tezbazar" - ayaqüstü yeyilən qidalara tələbat artıb. Tələbələrdən tutmuş hər kəs fast-fud qidalarla qidalanır. Mütəxəssislər həyəcan təbili çalıb ziyanlarından danışsa da, təəssüf ki, belə qidalara tələbat hər gün artmaqdadır.
Mövzu ilə bağlı Faktmedia.az həkimlərin rəyini soruşub. Həkim-terapevt, hepatoloq Müqəddəs Sadiqova deyib ki, küçə yeməkləri, yaxşı bişməmiş, içərisində müxtəlif yararlı və ya yararsız maddələr daxil olmuş yeməklər insan həyatına çox mənfi təsir göstərə bilər:
"Əsasən insanın labaratoriyası olan qaraciyərə, mədəaltı vəzə eyni zamanda mədənin özünə və bağırsaqlara çox ziyan verə bilər. Ümumiyyətlə moyenezin tərkibində çox zaman leambla aşkar olunur. Onun tərkibində çiy yumurtadan istifadə edildiyinə görə, orada leamblaların canlı şəkildə qalması mümkündür və bundan istifadə etmək zərərlidir".
Hepatoloq Azər Nağıyev isə hesab edir ki, bu qidaları qəbul etdikdə ilk növbədə mədə sonra isə mədə ilə qonşu olan mədə-bağırsaq sisteminin digər orqanları, yəni, qaraciyər, mədəaltı vəz , öd kisəsi və bağırsaqlar zərər görür:
"Belə ki, mədənin selikli qışası qıcıqlanır, keççub moyanez kimi məhsullar orada turşu-qələvi mübarizəsini pozur, selikli qışa qıcıqlanaraq iltahab əmələ gətirir.Bundan sonra isə turşuluq artır və insanlarda iltahablı proseslər inkişaf edir".
Həkim-diyetoloq Şəfa Yadigarova əlavə edib ki, bu cür qida məhsullarına qatqılar qatırlar ki, insanlarda aslılıq yaratsın:
"İnsan bu qidanı 1 dəfə yeyəndən sonra beyinə inpluslar çatır və bu inpluslar ona həzz hissi verir. Eyni zamanda o dadverici qatqılar bədənə düşdükdə həm insana həzz verir həm də o qidaya qarşı meyililik yaranır. 2Fast-food"ları daim istifadə edirlər və ən zərərlisi də odur ki, onların yanında zərərli qazlı içkilər də istifadə edirlər. Bu zaman qaraciyər piylənməsi olur. Hətta baxırsan ki, insan o qədər də kilolu deyil. Kilo problemi yoxdur, amma qaraciyər piylənməsi var. Bu birinci etabdır. Növbəti etabda bu daha da bərkiyir. Bu da gepatoz yaradır və gələcəkdə serroza gətirib çıxarır".
Bəsti MƏMMƏD