Uşaqlar arasında autizm xəstəliyi 3 dəfəyə qədər artıb.
Faktmedia.az xəbər verir ki, Amerikanın Pediatriya jurnalında dərc edilən elmi məqaləyə əsasən, 2000-2016-cı illər ərzində 8 yaşına qədər uşaqlarda autizm aşkarlanması dəfələrlə çoxalıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən verilən statistik məlumatlar əsasında aparılmış tədqiqat xəstəliyin geniş vüsət aldığını göstərib.
2021-ci ilin hesabatında qeyd edilib ki, ABŞ-da autizm spektri pozğunluğu müəyyən edilmiş uşaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Genetik faktorlar və ətraf mühit amillərinin bu nəticədə böyük rolu var.
Uşaq peyvəndlərinin autizmə səbəb olma ehtimalı isə müzakirə yaradıb. Bununla bağlı Pensilvaniya Dövlət Universitetində neyroinkişaf pozğunluqlarının genetik əsaslarını araşdıran mütəxəssis bildirib ki, vaksinlərin bu xəstəliyi yaratmadığı artıq sübut olunub. Xəstəliyin inkişaf etməsində genetik faktorlar əsasdır.
Bundan əlavə uşaqlar arasında hər il qrip və digər mövsümi xəstəliklər yayılır. Araşdırmalar göstərib ki, uşaqlarda immunitet zəifliyi getdikcə artır.
Mənbə iddia edir ki, yaxın gələcəkdə uşaqlarda əqli zəiflik, raxit, görmə qüsurlu uşaqların sayı artacaq.
Buna səbəb isə qida və hava şəraitinin normalara uyğun olmaması göstərilir.
Artıq böyük şəhərlərdə hava və səs çirklənməsi hər gün artır. Meqapolislərdə səs çirklənməsi uşaqlarda əqli çatışmazlıq belə yaradır. O uşaqlar hddindən artıq əsəbi və zəif immunitetə sahib olurlar.
Həkim pediatr Aytən İsmayılzadə saytımıza açıqlamasında bildirib ki, uşaqlar arasında zəiflik qidalarla biləvasitə bağlıdır:
"İlk növbədə bildirim ki, satılan qidaların demək olar ki, çoxu normalara uyğun deyil. Standartlar pozulur, ekoloji cəhətdən sağlam deyillər. Həkimlər isə bu qidaları daha çox tövsiyə edirlər. Valideynlər özləri də tənbəllikdən belə qidalarla uşaqları böyüdürlər. İkinci məqam odur ki, valideynlərin öz qidalanması da təmiz olmur. Südəmər uşaqlar üçün də bu kifayət edir ki, orqanizmi lazimi vitaminləri depolaya bilməsin".
Sevinc Hüseynova