"Narkotik maddə istifadəçilərinin müalicəsində bizim ilk öncə diqqət elədiyimiz nüans onun qəbul etdiyi maddənin növü, vasitəsi və müddətidir. Biz bilirik ki, hər bir maddənin orqanizmə təsiri fərqlidir, ona görə bunu müalicə prosesində nəzərə almalıyıq".
Bunu Faktmedia.az-a Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev deyib. Həkim bildiribki, bəzi maddələrin qəbulu nəticəsində sindrom yaranır:
"Maddənin kəsildiyi müddətdə şəxsdə bir sıra fizioloji və psixoloji narahatlıqlar özünü göstərir. Fizioloji narahatlıqlar dedikdə şiddətli ağrılar, arıqlamaq, mədə bağırsaq, ürək-damar sistemindəki problemlər nəzərdə tutulur. Ona görə də bu proseslərə mütləq narkoloq nəzarət etməlidir. Narkoloq həkim nəzarətində şəxs 10-12 gün ərzində detoksifikasiya adı verdiyimiz bir prosesdə iştirak edir. Yəni adından da gördüyü kimi toksik maddələrin bədəndən çıxarılması və şəxsin ağrıdan uzaqlaşdıran bir prosesdir. Bu proses inkişaf etmiş ölkələrdə belə psixoterapiya hazırlıq mərhələsidir. Yəni bir şəxsi ağrıdan xilas edirik ki, bu şəxs psixoterapiya adekvat cavab verə bilsin. 10-12 gün müddətdən sonra həkim nəzarəti altında bir müşahidə prosesi başlayır, normal davranışın formalaşmasını həyata keçirilir. Bəzi maddələr də vardır ki, onların qəbulu zamanı heç bir detoks prosesinə ehtiyac olmur".
Havar Şəfiyeva