Adətən təbii fəlakət, qəfil baş verən insan faktorundan irəli gələn dağıntılar insan yaddaşına köçür. Bu isə zamanlara travmaya, qorxuya səbəb olur. Türkiyədə baş vermiş zəlzələ isə yüzlərlə insan üçün ağır yükdür. Bəs bu halda necə qurtulmaq olar?
Bunu Faktmedia.az-a psixoloq Fərqanə Mehmanqızı bildirib. Psixoloq hesab edir ki, təbii fəlakətlər insan psixologiyasına çox güclü təsir edir:
"Güvənsizlik, çarəsizlik insan psixologiyasını darmadağın edir. Bunların fonunda panik atak, ölüm fobiyası, vicdan əzabı, obsessiv kompulsiv sindrom, depressiya kimi hallar yaşana bilər. Bu hadisədən sonra psixohəssas insanlar, hadisənin şahidi olanlar, empati qurub internetdən, yaxud da uzaqdan baş vermiş hadisənin şokunu yaşayan insanlar böyük psixoloji sarsıntı yaşayacaqlar. Çarəsizlik insan psixologiyasının ən ağır hisslərindən biridir. O insanlar ki, ölümdən döndülər, yaxınlarını itirib özləri sağ qaldılar ,onlarda böyük psixoloji travmalar yaşanacaq. Həmin insanlarda cəmiyyətə qarşı aqressiya yarana bilər. Belə insanlar bir müddət psixoloji cəhətdən müalicə olunmalıdır".
Xatırladaq ki, Türkiyədə dağıntılar altında qalan insanların sayı kifayət qədər çoxdur. Ölüm sayı isə artmaqda davam edir.
Rəna Həsənova