“İkinci əl geyimlər vasitəsi ilə insandan insana əsasən infeksion xətəliklər, viral, göbələklərlə bağlı xəstəliklər, bakterial xəstəliklər yoluxa bilir”.
Bu sözləri Faktmedia.az-a danışan dermatoloq Pərviz Dadaşov deyib.
O bildirib ki, bundan başqa parazital xəstəliklər məsələn qoturluq gənəsi v.s kimi gənələr də keçə bilir:
“Endemik olmayan parazitlərin daşıdığı xəstəliklər də geyim vasitəsi ilə yayılır. Bizim bölgədə olmayan bir çox dəri xəstəlikləri var ki, xarici ölkədən gətirilən ikinci əl geyimlər vasitəsi ilə yoluxur. Bunlar sırf keçici xəstəliklərdir”.
Həkim qeyd edib ki, əlavə olaraq paltarların işləndiyi material, saxlandığı şərait, təmizlənmə vasitələrinin də dərimizə təsirləri olur:
“Buna daxildir allergik reaksiyalar. Allergik reaksiyalar ilk anda baş verə bilir və biz buna qarşı tədbir görürük. Amma elə vasitələr də ola bilir ki, uzun illər ərzində təsir edir. Məsələn paltardan istifadə etdikdən uzun müddət sonra dərimizə əks təsir göstərir. Bu da o deməkdir ki, bu geyimin tərkibində orqanizmimizə zərar verən hansısa maddə var. Belə hallar əsasən qaşlı, müxtəlif rəngli paltarlarda ola bilir. Rəng materiallarının tərkibi, saxlanma şəraiti, xarab olmasın deyə hansısa maddələrin vurulmasının orqanizmimizə zərəri tam bilinmədiyi üçün dərimizə ziyan vurur”.
Bəsti MƏMMƏD