“Hamilə qadınlara epilyasiyanın hər bir növünə, eyni zamanda saç boyatmağa icazə verilir”.
Bu sözləri Faktmedia.az-a danışan tanınmış mama-ginekoloq Rəxşəndə Əliyeva deyib.
O bildirib ki, inyeksiya ilə bağlı heç bir kosmetaloji prosedur hamilə qadına məsləhət deyil:
“Qanla və iynə ilə təmas olmayan bütün kosmetoloji prosedurlardan hamilələr istifadə edə bilər. Lakin bütün bu prosedorların hər biri hamiləliyin ilk 12 həftəsindən sonraya məsləhət görülür. Çünki ilk 12 həftəsində döl hələ ki, formalaşır və onun formalaşma dövründə epilyasiyanın, saç boyatmanın və yaxud digər kosmetoloji prosedurların ona təsirini təsdiq edən kifayət qədər araşdırma yoxdur”.
Həkim qeyd edib ki, hamilələlərin diqqət etməli məqamlar da çoxdur:
“Hamilə qadınlarda xüsusən ammonyaksız saç boyalarına üstünlük verilir və hamilə qadın saç boyatmaq istəyirsə mütləq açıq havada bunu həyata keçirməlidir. Eyni zamanda boya baş dərisi ilə təmas etməməlidir. Çünki miqdarı az belə olsa saç boyası dəridən qana sorula bilir. Bunun da dölə necə təsir edəcəyi haqqında kifayət qədər araşdırma yoxdur. Bəzi araşdırmalar var ki, hamiləlikdə çox saç boyası istifadə edən xanımların gələcəkdə uşaqlarında qan xərçəngi kimi xərçəng növləri ola bilir. Bu ola bilsin ki, bir uydurmadır, ancaq hər bir risqdən qaçmaq olarsa, niyə də ki, qaçılmasın”.
Zeynəb Müzəffərli