"Vizual konsentrasiya tələb edən iş zamanı göz yorğunluğuna tibdə astenopiya deyilir. Tibb isə bunu xəstəlik kimi qəbul etmir. "Gözlərdə ağrı" anlayışının mənası olduqca qeyri-müəyyəndir. Bu bəzən məhz, simptomları təsvir etməyin çətin olması ilə əlaqədardır".
Bu sözləri Faktmedia.az-a açıqlamasında tanınmış teleaparıcı, oftalmoloq Leyda Kazımova deyib.
Həkim bildirib ki, bir çox insanlar daxili ağrılar, yanma, bəziləri isə yad cisim hissi, qızartı, şişkinlik və göz yaşarması ilə oftalmoloqa müraciət edirlər:
"Göz ağrısının əsas səbəbi nədir? Simptomlar fərqlidir, bir çox xəstəliklər də ola bilər. Bəzən diskomfort işdən qaynaqlanır, bəzən isə gözlərdə, okulomotor sinirlərdə və bəzi hallarda beyində ciddi daxili patoloji prosesləri göstərir. Gözdə ağrı adətən artan gözdaxili təzyiq əlamətidir.
Göz əzələsinin, eləcə də üzün əzələlərinin həddən artıq gərginləşməsi, yad cisimlərin gözün səthi ilə təması, müxtəlif yaralanmalar gözdə ağrı yarada bilər. Köhnəlmiş və ya uyğun olmayan kontakt linzalardan istifadə olunursa, gözün səthi qaşına, zədələnə bilər. Yad cisim daxil olduqda, bakterial infeksiyalar tez-tez iltihaba səbəb olur. Bakteriyalar gözə daxil olduqdan sonra infeksiya yaradıb inkişaf edə bilər. Burada vacib məqam ondan ibarətdir ki, infeksiya təkcə xarici mühit deyil, həm də daxili patologiyalar yarada bilər. Gözün selikli qişasında iltihablı proses zamanı konyunktivit, daimi ağrı ilə müşayiət olunur. Göz yaşı və irin, fotofobiya, bol ifrazat olur".
L. Kazımova qeyd edib ki, quru göz sindromu zamanı müasir şəraitdə bu xəstəlik daha çox yayılır:
"İndi, hətta, gənclər də göz quruluğu, yanma və narahatlıq əlamətləri ilə həkimə müraciət edirlər. Bunun səbəbləri çox sadədir: kompüterdə uzun müddət işləmək, kondisionerli otaqlar, vaxtında qarşısının alınmaması. Səbəbindən asılı olmayaraq temperaturun artması göz ağrısına səbəb ola bilər. Ağrı eyni anda hər iki gözdə hiss olunduqda və qızdırma, oynaq ağrısı və zəiflik ilə müşayiət olunduqda, çox güman ki, qrip virusuna yoluxma baş verib. Toz, qum dənələri və digər kiçik elementlər gözə düşərsə, onların ölçüsü böyük görünə bilər.
Gözlərdə ağrı bəzən miqrenin əlamətidir. Gözlərdə küt ağrı isə qan təzyiqinin artması ilə əlaqəli ola bilər".
Oftalmoloq göz ağrısı, göz zədələnməsi ilə bağlı ofalmoloqa müraciətin vacibliyini qeyd edib:
"Hər hansı, hətta ən kiçik göz zədəsi almısınızsa, yad cisim gözə düşdüyü halda görmə kəskin şəkildə pisləşirsə (xüsusilə baş ağrısı və zəiflik ilə müşayiət olunur) göz nahiyəsində hər hansı xarici dəyişiklik müşahidə edilirsə, heç bir ağrıkəsici damla istifadə etmədən oftalmoloqa müraciət edilməlidir".
Havar Şəfiyeva