"Hər bir xanım gözəllik salonundan istifadə edir. Şəhərdə salonların sayının çox olması əslində qənaətbəxşdir. Təəssüflər olsun ki, bəzi salonlarda gigyenik şərait normalara uyğun deyil".
Bunu Faktmedia.az-a dermatoloq Mədinə İsmayılova deyib.
Həkim qeyd edib ki, əksər salonlarda tibbi savadı olmayan insanlar müəyyən tibbi kosmetik prosedurlar aparırlar ki, bu da yolverilməzdir:
"Hal-hazırda müxtəlif müasir sterilizə aparatları var. Bu aparatlardan salonların əksəriyyətində istifadə olunmur. Gigyenik normalara uyğun olmayan belə şərait müxtəlif dəri xəstəliklərinin yaranmasına səbəb olur. Ən çox yayılan dırnaqlarda göbələk, saçlarda bit, dəridə gənə, stafilakok, streptakok, ikincili infeksiyalardır. Mən belə hesab edirəm ki, xüsusi tibbi müəssisələr bunlara nəzarət etməlidir. İstərdim ki, xanımlar özləri də lazımi avadanlıqlarla təchiz olunmuş gözəllik salonlarından istifadə etsinlər".
Rəna Həsənova