İcbari Tibbi Sığortanın tətbiqi bəzi dövlət xəstəxanaları üçün "rahatlıq" yaratdı. Əsasən də bölgələrdə kamfortunu pozmaq istəməyən həkimlər hər müraciət edən xəstəyə "bizdə bu yoxdur" deyib Bakıya göndərirlər. Rayonlarda adi bir ağrı üçün Bakıya göndərmək dəb halını alıb.
Mövzu barədə Faktmedia.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, İcbari tibbi sığortanın qaydası belədir ki, əgər region xəstəxanalarında hər hansı bir müayinə, xidmət yoxdursa, o zaman vətəndaş müayinə üçün digər bölgələrə, yaxud da Bakı şəhərinə göndərilir.:
"Əgər region xəstəxanalarında, Bakı şəhərində yerləşən dövlət klinikalarında həmin xidmət yoxdursa, o zaman vətəndaş icbari tibbi sığorta ilə müqaviləsi olan özəl tibb müəssisələrinə yönləndirilir. Müəyyən əməliyyatlar (ürək əməliyyatları, neyrocərrahi əməliyyatlar, göz əməliyyatları, MRT və s.kimi xidmətlər) dövlət klinikalarında olmadıqda özəl klinikalara göndərilir. Bütün bunlar vətəndaşın tibbi xidmət almasının mümkünlüyünü təmin edir. Bölgələrdən Bakıya çox göndərilməsinin səbəbi isə, həmin bölgə xəstəxanalarında lazımi müayinə üzrə həkimlərin, bəzi xidmətlərin çatışmazlığıdır".
Qeyd edək ki, İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə 2 074 276 vətəndaşa 9 234 527 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 4 411 676 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 7 795 567-si ambulator, 1 438 960-ı isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən 7 664 658-i (83%) 18 yaşdan yuxarı, 1 569 869-u (17%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Rəna Həsənova