"Dünyada da belə bir trend var. Plastik torbalardan, paketlərdən imtina edilməsi məsələsi çoxdan müzakirə olunur və əsas səbəbi ekoloji məsələdir".
Bunu Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli polietilen torbaların satışının dayandırılacağı məsələsinə münasibət bildirən zaman deyib.
N. Cəfərli qeyd edib ki, plastik torbaların 600 yüz il ərimədiyi, yəni çürüyüb torpağa qarışmadığı haqqında araşdırmalar var və bu da təbiətə ziyan vurması ilə bağlı fikirləri ortaya qətirir:
"Ona görə də dünyada da belə bir trend var, o da plastik torbaların pullu olması vasitəsilə insanları onlardan imtina etməyə, əvəzində isə parça torbalardan istifadəyə sövq etməyə çalışırlar".
Ekspert bildirib ki, bu Azərbaycanda elə də asan baş verməyəcək:
"Azərbaycanda bu məsələnin çox asanlıqla həll olunacağını düşünmürəm. Polietilen torbaların pulsuz olması, istənilən qədər istifadə olunması bir alışqanlıq yaradıb. Mənə elə gəlir ki, ilkin mərhələdə insanları belə torbalardan istifadə etməməyə alışdırmaq üçün parça torbalar bir müddət pulsuz olmalıdır. Bu məsələni marketlər özləri də təşviq etməyə çalışmalıdır. Getdikcə vətəndaşlar tərəfindən parça torbalara da alışqanlıq yaranacaq".
Qeyd edək ki, Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola biləcəyi bildirilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.
Rəna Həsənova