Ünvanlı dövlət sosial yardımlarla bağlı şikayətlər davam edir. Əhali arasında çaşqınlıq yaradan Sosial Müdafiə Nazirliyi hər kəsə fərqli münasibət bəsləyərək, insanları get-gələ salır. Nəzərə alsaq ki, rayon yerlərində yaşayan şəxslər sosial yardım almaq üçün cibindəki pulu da sənədlərə xərcləyib, olanından da olur. Bir az da maddi sıxıntılarla üzləşir.
Belə problemlə Yardımlı rayon sakini Amil Hadiyev də üzləşib. Bütün sənədləri təqdim etsə də, müxtəlif vaxtlarda ona imtinalar gəlib.
Faktmedia.az-a danışan A. Hadıyev bildirir ki, bir neçə dəfə müraciət edib, amma ona verilən cavablar qanedici deyi:
“Bir dəfə müraciət etdim və imtina gəlmədi. Kart da təqdim edildi. İki ay sonra dayandırıldı. Səbəb kimi saxtakarlığın olduğu deyildi. Bütün sənədləri təqdim etmişdim, qəbul olunanda saxtakarlığı görmürdülər? Bu baş verib bir neçə il öncə. 2021-ci ildə isə müraciət etdim. 2 dəfə imtina gəldi. Bu dəfə isə sayğacın kodunu gizlətmək adı iləbəhanələr gətirdillər. Mən su, ışıq və qazın sərfiyyat qəbzlərini də təqdim etmişdim. Onların nümayəndəsi gələndə də göstərdim. Sayğaclara da baxılmışdı”.
Məsələ ilə bağlı Dövlət Sosia Müdafiə Fonduna müraciət etdik. Bildirildi ki, vətəndaş bütün lazımi sənədləri təqdim edirsə, imtina gələ bilməz. İmtina səbəbini dəqiqləşdirib yenidən müraciət etsin.
Qeyd edək ki, Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” 03 dekabr 2021-ci il tarxili Qanuna əsasən 2022-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 200 manat təşkil edir.
Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nədənsə bu yardımı alan şəxslərin bir çoxu, almayanlarla müqayisədə çox yaxşı yaşayır. Hətta buna ehtiyyacı da yoxdur. Ehtiyyacı olan şəxslər isə hələ də o yardımı ala biləcəklərini ümid edirlər.
Zeynəb Müzəffərli