Son zamanlar insanlar tərəfindən maraqla qarşılanan və geniş izləyici kütləsi qazanan seriallarda aktyorların dilində istifadə olunan rus sözləri ilə qarşılaşırıq. Bu jarqonlar dil normalarına necə təsir edir?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan Xalq artisti, diktor Eldost Bayram bildirib ki, nəyinki seriallarda, adi danışıqlarda da rus sözlərindən istifadə etmək dilimizi pozur:
“200 ildir ki, rus dilində ünsiyyətdəyik, istifadə edirik. Mən özüm də hərdən istifadə edirəm, amma bircə çıxış yolu var, o da özün özünü tənbeh etməlisən. Hər kəs özünə nəzarət etməlidir. Xüsusilə, aktyorlar səhnə performansı zamanı danışıqlarına fikir vermirlər. Onlar istənilən dildə sözlərdən istifadə edirlər. Nəzarət edərək hər kəs öz dilini yad sözlərdən təmizləməlidir. Bunun üçün də sosial mediadan istifadə edərək insanlar arasında təbliğat aparılmalıdır. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən, Kəmalə Onurun fəaliyyətindən, bu yolda etdiyi təbliğatlardan çox razıyam. Bu birbaşa Azərbaycan dilinə xidmət deməkdir. Dövlət də nələrsə etməyə çalışır. Amma birinci özümüz özümüzə nəzarət edib bunu istəməliyik. İstəyib həyata keçirməliyik. Hər dəfə imkan düşən yerdə oxuculara, dinləyicilərə xatırlatmaq lazımdır.”
E.Bayram qeyd edib ki, dilimizin qorunmasında radioların, efirlərin üzərinə böyük məsuliyyət düşür:
“Dilin qorunması yönündə kütləvi iş aparılmalıdır. Beləlikdə Azərbaycan dili illər sonra bəlkə təmizlənə. Amma hazırda çox bərbad vəziyyətdədir. Xüsusən sosial şəbəkələr. Burada savadsız cümlələr, savadsız yazılar, dilin heç bir qaydalarına əməl etməmək dilin qaydalarının qorunmasına mənfi təsir edir. Düşünürəm ki, dövlət tərəfindən də daimi nəzarət olunmalıdır. Dövlət də nəzarət etsə, biz mütəxəsislər, dinləyicilər və oxucular da özümüzə nəzarət etsək müsbət təsirini görərik. Bunun üçün də Azərbaycanı sevmək, əsil azərbaycanlı olmaq və ən əsası azərbaycan dilini sevərək bu dildə danışmaq lazımdır".
Bəsti Məmməd