"Qəbul faizində məktəblərin rolunun nə qədər olması ilə bağlı statistika yoxdur, amma qəbul olunanlar təbii ki, məktəb məzunlarıdır. Mən həqiqətən çox istəyirəm ki, qəbul olunanlar orta məktəbdə əldə etdikləri biliklərə əsaslanaraq ali təhsil müəssisəsinə daxil olsunlar. Amma gəlin bir anlıq düşünək, repetitor yanına gedənlər kimlərdir? Repetitor yanına gedənlər faktiki olaraq ali təhsil müəssisəsinə daxil olmaq istəyənlərdir. Bu bir reallıqdır, bunu danmaq olmaz".
Bu fikirləri Faktmedia.az-a təhsil eksperti İlqar Orucov deyib. Təhsil eksperti bildirib ki, ali məktəblərə qəbul olmaq iddiasında olanlar bilikləri eyni zamanda məktəbdən alırlar:
"Əslində xoşagəlməz hallardan biri ondan ibarətdir ki, cəmiyyətdə də bu fikirlər səslənir, belə informasiyalar var ki, bir çox hallarda yaxşı müəllimlər sinifdə dərsi, proqram mövzularını heç də keyfiyyətli formada tədris etmirlər. Onlar əslində şagirdlərə potensial olaraq repetitor xidməti göstərəcək, nə qədər kobud səslənsə də, təhsilə yaraşmasa da " müştəri" gözü ilə baxırlar. Mən düşünürəm ki, zaman-zaman bu hallarla mübarizə aparılmalıdır. Mütləq şəkildə mübarizə aparılmalıdır, çünki, əgər şagird məktəbə gəlirsə, müəllimin borcudur ki, o şagirdə proqramın məzmununu izah etsin və şagirdlər o biliklər əsasında ali məktəblərə daxil ola bilsinlər. Amma real fakt bizim arzu etdiyimiz səviyyədə deyil. Məktəb təhsil müəssisəsidir, eyni zamanda tərbiyə ocağıdır və məktəbin başlıca funksiyası cəmiyyət üçün yararlı, savadlı, bilikli, vətənpərvər insanlar yetişdirməkdir. Düşünürəm ki, məktəblər bu istiqamətdə çalışırlar, buna nə qədər nail olurlar, real faktlar nə qədərdir, məktəb bilikləri çərçivəsində ali təhsil müəssisəsinə qəbul olunmaq nə qədər real görünür, əlbəttə bunlar düşündürücüdür. Mən çox istəyərdim ki, Azərbaycanda repetitorluq təhsil pullu olan digər ölkələrdəki kimi olsun. İnsanlar repetitor yanına hər zaman gediblər və gedəcəklər, amma Cənubi Koreya, Yaponiya, Böyük Britaniyadakı kimi insanlar öz övladlarını repetitor yanına əlavə biliklər əldə etmək üçün qoysunlar, məktəb proqramını mənimsəmək və ali təhsil müəssisəsinə qəbul olmaq arzularını reallaşdırmaq üçün yox.Təəssüf edirəm ki, Azərbaycanda vəziyyət bir qədər başqa cürdür və repetitorluğun bu həddə olmasının kökündə məktəblərdə lazımi keyfiyyətdə dərslərin tədris olunmaması durur. Bunlar düşündürücü və narahatedici məqamlardır. Mən düşünürəm ki, məktəbdə verilən təhsilin yeri başqadır. Mən əminəm ki, bu belə də olacaq. Artıq ölkəmizdə müəllimlərin biliyinin qiymətləndirilməsi başlanıb, söhbət sertifikasiyadan gedir. Digər tərəfdən müəllimlərin işə qəbul imtahanı bir neçə ildir keçirilir, çox savadlı insanlar müəllim peşəsinə yiyələnirlər. Əlbəttə, ürəkaçan mənzərələr də var, amma, mənim bir ziyalı olaraq məktəblərdən gözləntilərim real vəziyyətdən daha üstûndür".
Rəna Həsənova