"İlk növbədə qeyd etmək istəyirəm ki, birinci siniflərə qəbul zamanı rus bölməsində təhsil almaq istəyənlərə müsahibənin təşkil olunması qanunvericilik aktlarına ziddir və bu təhsildə neqativ hallar yaradacaq. Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir".
Bu fikirləri Faktmedia.az-a müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert həmçinin əlavə edib:
"Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır. Düşünürəm ki, müsahibə zamanı ciddi şəkildə neqativ hallar, qərəzli rəy olacaq. Deməli, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2010-ci tədris ilində bu rəqımin artacağı qaçılmazdır. Sizcə, azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün təhsil nazirliyinin resursu, kadrı varmı? Birmənalı olaraq yox! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. nəzərə alsaq ki, electron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər".
Havar Şəfiyeva