"Bu ideya 3 il əvvəl ölkə başçımızın İtaliyaya səfəri zamanı yaranıb. Əslində bu, təhsilin prioritet sahə olaraq inkişafına göstərilən diqqət və qayğıdır".
Bunu Faktmedia.az-a təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyası baxımından İtaliya-Azərbaycan universitetinin inşası böyük təşəbbüsdür:
"Eyni zamanda bizim bu sahədə müəyyən qədər təcrübəmiz var. Respublikamızda Rusiyanın bir sıra universitetlərinin filiallarının olması, Azərbaycan-Fransa universitetinin fəaliyyəti onu göstərir ki, xarici universitetlərlə birgə təhsil Azərbaycanda artıq formalaşıb. Bu əlaqələrin yaradılmasında məqsəd təhsilin idarəedilməsi sahəsində yeni nəsil mütəxəssislərinin yetişdirilməsidir. Mən hesab edirəm ki, birgə təhsil proqramı ali təhsil sisteminin keyfiyyət göstəricilərinin beynəlxalq əlaqələr vasitəsilə müasirləşdirilməsinə yardımçı olacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakı zamanı bildirib ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır.
Rəna Həsənova