"Bu sənədsiz evlərlə bağlı həll edilməli olan çox vacib məsələlərdən biridir. Birmənalı olaraq demək olar ki, xüsusilə risk zonasında yerləşən fərdi yaşayış evlərinin gələcəkdə də çıxarışla təmin olunması nəzərdə tutulmur".
Bunu Faktmedia.az-a “Uniprice” Qiymətləndirmə Mərkəzinin rəhbəri Ramil Qasımzadə deyib.
Ekspert bildirib ki, əslində bələ təhlükəli ərazilərdə tikinti aparmaqdan vətəndaşlar özləri də uzaq durmalıdırlar:
"İndiyə qədər sosial cəhətdən imkanı aşağı olan insanlar yaşayış yerləri olsun deyə belə zonalarda evlər tikirdilər. Bu həmin vətəndaşların özlərinə təhlükə yaradırdı. Yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən yaşayış evlərinin sakinləri radiasiyaya məruz qalırlar. Bəs çarə nədir? Bu birbaşa sosial məsələ olduğuna görə hökümət buna həssaslıqla yanaşır. Gələcəkdə bu evlərin leqallaşdırılması üçün iki yol var. Birincisi, yüksək gərginlikli xətlərin kənardan keçməsi, yaxud da onların yeraltı xətlərlə aparılması mümkün olarsa həmin evlərin sənədləşməsi mümkün olacaq. Lakin bu məsələyə də iqtisadi cəhətdən baxmaq lazımdır ki, hansı daha əlverişlidir. İkinci yol isə vətəndaşlara kompensasiyalar odənilməklə həmin ərazilərdən köçürülməsini təmin etməkdir. Yəqin ki sənədsiz evlərlə bağlı məsələlərə dair qərar qəbul edilərkən bu məsələyə də son nöqtə qoyulacaq. Gələcəkdə də belə hallarının baş verməməsinin qarşısının alınması üçün bu məsələyə nəzarət gücləndirilməli, qanunsuz evlərin tikintisinin qarşısı alınmalıdır".
Rəna Həsənova