Bakı şəhərində insanların sıx yerləşməsi daha bir problemə gətirib çıxarıb. Bölgələrdən gələn axın kirayə bazarındakı portfeli tamamilə doldurub. Belə bir şəraitdə kirayə qiymətləri hər gün artmaqda davam edir. Bəs, görəsən, kirayə qiymətləri hansı zəmin yaradılarsa normallaşa bilər?
Bu barədə Faktmedia.az-ın sualını cavablandıran daşınmaz əmlak məsələləri üzrə Elnur Fərzəliyev bildirib ki, 2016-cı ildən Bakı şəhərində pilot layihə kimi köhnə tikili çoxmənzilli yaşayış binaları söküldü, yeni binalarla əvəzləndi, amma yeni bina tikilib istifadəyə verilənə qədər sakinlər kirayələrdə yerləşməli oldular:
"Sökülən hər binaya görə bazarda kirayə qıtlığı yaranır. Yeni bina tikilən zaman isə həmin binadakı mənzillər daha baha qiymətə təklif olunur. Əlavə olaraq yeni binalarda kommunal xərclər daha bahadır. Başqa tərəfdən isə Bakının mərkəzindəki həyət evlərinin söküntüsü davam edir. Bu gün baxsaq universitetlərin sayı da çoxdur. Amma tələbələr üçün yataqxanalar minimum həddədir. Düşünürəm ki, tələbələrin yataqxana problemi aradan qalxarsa, kirayə mənzil bazarında da dirçəlmə əmələ gələ bilər. Məcburi köçkünlərə də ev verilib, onların yaşadığı yataqxanalar boşalıb. Əgər tələbəər tərəfindən yataqxanalara tələbat artsa, kirayə mənzil bazarında evlər boşalar və qiymətlər də aşağı enər".
Ekspert Ramil Osmanlı isə hesab edir ki, kirayə mənzil bazarında qiymətlərin qalxması təlabata görədir:
"Köhnə mənzillər, fərdi yaşayış massivləri söküldükcə təklif portfellərinin həcmi daralır. Yüksək tələb fonu hökm sürməkdədir. Bu il də başqa səbəb kimi Rusiya-Ukrayna müharibəsi oldu. Ölkəyə axın baş verdi. Kirayə mənzil bazarında tələb bir qədər də artdı. Bunun tənzimlənməsinin 2 yolu var: Birincisi tələbə yataqxanalarını hansısa formada fəaliyyətə gətirmək. İkinci yol dövlət tərəfindən sosial kirayə formasında sosial kirayə mənzil fondunu yaratmaq. Amma təəssüf ki, bu gün bu istiqamətdə addımlar atılmır. Keçmiş məcburi köçkünlərə verilmiş mənzillərinin satışa çıxarılması prosesi gedir. Düşünürəm ki, həmin mənzilləri sosial kirayə mənzil fondu kimi istifadə etmək daha doğru olardı. Bu halda qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər".
Bəsdi Məmməd