"Nə qədər ki, separatçı rejim öz iddialarından əl çəkməyib, nə qədər ki, Xankəndi və ətrafındakı ermənilər Azərbaycan qanunları ilə yaşamağı qəbul etməyib və ən nəhayət nə qədər ki, ərazilərimzidə hələ də on mindən artıq erməni silahlı hərbi birləşmələri qalmaqda davam edir müharibə ehtimalı da qalır".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib.
Deputat əlavə edib:
"Miqyasından asılı olmayaraq bu ehtimal var. Ən kiçik miqyaslı hərbi əməliyyatlar belə nəticədə geniş miqyaslı müharibələrə gətirib çıxara bilər. Ermənistan hakimiyyətinin son dövrlərdəki mövqeyi, havadarlarına arxayın olaraq revanşist açıqlamalarla çıxış etmələri onu göstərir ki, rəsmi İrəvan bütün imkanlardan istifadə edərək sülh prossesini uzatmağa çalışır. Prossesin uzanması isə bizim maraqlarımıza cavab vermir. Əvvəla ona görə ki, Azərbaycan olaraq bizim daha otuz ili mənasız danışıqlara vaxt sərf etmək niyyətimiz yoxdur, ikincisi isə vaxtın uzanması Ermənistanın silahlanması və məhv olmuş ordusunu yenidən formalaşdılrması imkanı verir. Odur ki, biz sülh istəyində qətiyyətli olduğumuz kimi separatçı rejimin tör-töküntülərinin ərazilərimizdən tez bir zamanda çıxarılmasında da qətiyyətliyik.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Qarabağın Azərbaycanın olması da heç bir dövlət tərəfindən mübahisələndirilmir. Odur ki, kimin nə deməsindən asılı olmayaraq biz Xankəndində də, ətraf rayonlarda da Azərbaycan bayrağınn dalğalanacağından qətiyyətliyik və bunun üçün beynəlxaq hüququn tanıdığı bütün addımları atacağıq. Elə cənab Prezidentin dünən ABŞ Dövlət Katibi Blinkenlə telefon danışında “dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır” deməsi ölkəmizin öz suveren ərazisində separatizmə dözmək fikrində olmadığını bir daha ortaya qoyur".
Rəna Həsənova