"Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan və Ermənistana səfəri tərəflər arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması ilə bağlı müzakirələrin davam etdirilməsi ilə bağlıdır. Təbii ki, səfər çərçivəsində son Kişenau görüşündə əldə edilən razılşamaların inkişaf etdirilməsi, eləcə də hələ də razılaşdırıla bilinməyən məsələlərlə bağlı mövqelərin yaxınlaşdırılması istiqamətində danışıqlar aparılacaq".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib.
Politoloq əlavə edib:
"Avropa İttifaqı rəsmiləri yaxşı başa düşürlər ki, Azərbaycan sadəcə danışıqlar xətrinə sonsuza qədər müzakirələrdə iştirak etmək niyyətində deyil. Bu mövqe rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə dəfələrlə səsləndirilib. Bizim otuz illik nəticəsiz danışıqlar təcrübəmiz var və indi daha otuz il gözləmək fikrində deyilik. Odur ki, Avropa İttifaqı nəhayətdə ortaq razılşamaya nail olmaq üçün təkcə liderlərin və Xarici İşlər Nazirlərinin görüşləri ilə kifayətlənmir, daha nəticəli görüşlərə nail olmaq üçün Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vasitəsilə sülhə nail olmaq üçün daha çox ortaq mövqeləri tapmağa səy göstərir. Razılaşdırılmayan məsələlər isə kifayət qədərdir. Belə ki, rəsmi İrəvan nə qədər Qarabağ və eksklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, bu fikirlər bəyanatdan o tərəfə keçmir. İstər Qarabağdakı separatçı rejim, istərsə də rəsmi İrəvandan verilən bir sıra bəyanatlar erməni tərəfinin danışıqlarda səmimiyyətini şübhə altına alır. Üstəlik Ermənistan üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Cənab Klaarın səfərinin və apardığı danışıqların tərəfləri sülhə nə qədər yaxınlaşdıra biləcəyinə gəldikdə isə bu indi Erənistandan və rəsmi İrəvanın davranışlarından asılıdır. Çünki Azərbaycanın mövqeyi ortadadrı və bu mövqe beynəlxaq hüquqdan irəli gələn mövqedir. Ermənistan isə səmimi olaraq sülh istəyirsə onda üzərinə götürdüyü öhdəlikləri icra etməli və bəhanələri bir tərəfə ataraq sülh sazişini imzalamalıdır".
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya səfərə gəlib.
Rəna Həsənova