"Erməni təxribatlarının davam etməsinin əsas səbəbi ondadır ki, onlara sakit dayanmaq imkanı verilmir. Başqa sözlə desək erməni təxribatlarından rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etmək istəyən qüvvələr erməniləri təxribatlara həvəsləndirir. Rusiya Cənubi Qafqazda geosiyasi mövcudluğunu qoruyub saxlamaq üçün Ermənistanla Azərbaycan arasında gərginliyin davam etməsini istəyir və bu baxımdan da təxribatların baş verməsində maraqlıdır. Elə bu səbəbdəndir ki, təxribatçıların mövqelərinə silah-sursat, ərzaq və yanacaq daşınması prosesi məhz Rusiya “sülhməramlı” kontingentinin zirehli maşınlarının müşayiəti ilə həyata keçirilir. Rusiya bayrağının olduğu bu hərbi texnika erməni separatçıların təhlükəsizliyinin təminatı üçündür, çünki RSK komandanlığı yanlış olaraq düşünür ki, Rusiya bayrağının olduğu hərbi vahidlər Azərbaycan Ordusunun legitim hədəfinə çevrilməyəcək".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. O, əlavə edib:
"Ermənistanın böyük bacısı qismində çıxış edən Fransa da hansısa formada regionda təmsil olunmaq istəməsi səbəbilə sülhdə maraqlı deyil və dolayısıyla mövcud təxribatlar onların da maraqlarına cavab verir. Məhz bu səbəbdəndir ki, Makronun özü demişkən o, Paşinyandan daha çox erməni maraqlarından çıxış edərək Qarabağ separatçılarının təhlükəsizliyi üçün beynəlxalq təminat tələb edir və bu təminaçı qismində də məhz özü iştirak etmək istəyir. Təbii ki, təxribatların davam etməsində maraqlı olan dövlətlərdən biri də İrandır. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasını, Zəngəzur dəhlizinin açılmasını özü üçün təhlükə olaraq görən İran bütün imkanları ilə Ermənistana təzyiqlər etməkdə davam edir. Bu cür təzyiqlər fonunda rəsmi İrəvan da Azərbaycanla yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə Qarabağdakı erməni separatçılardan istifadə etmək qərarırna gəlib. Paşinyan başda olmaqla Ermənistanın rəsmi şəxsləri baş verən gərginliyin ermənilərin təhlükəsizlik təminatı olmamasından qaynaqlandığını tirajlamağa başlayıblar və bununla beynəlxaq birliyi çaşdırmağa cəhdlər edirlər.
Amma kimin, hansı maraqlı tərəfin nə etməsindən asılı olmayaraq Azərbaycan istənilən təxribata cavab vermək gücündədir və cavab da verir. Azərbaycanın probemləri danışıqlar yolu ilə, müzakirələrlə və anlaşma ilə həll etmək məqsədilə mümkün olan bütün vasitələrdən istifadə etdiyi kimi, təxribatların qarşısının alınmasında da bütün vasitələrdən istifadə edəcəyinə heç kimin şübəhsi yoxdur. Yeni hərbi əməliyyatlar ehtimalına gəldikdə isə həm ermənilər, həm də onların havadarları bilməlidirlər ki, təxribatlar davam edəcəyi halda, erməni hərbi birləşmələri ərazilərimizdən könüllü olaraq çıxmayacaqları halda onlar legitim hədəfə çevriləcək və məhv ediləcəklər".
Rəna Həsənova