"Təəssüf ki, dünən baş verənlər sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdəki ilk insident deyil və biz ilk dəfə deyil ki, həmin ərazilərdə şəhidlər veririk. İki ildən artıqdır ki, Rusiyaya öz vəzifələrini düzgün icra etməsi üçün ən yüksək səviyyədə çağırışlar və iradlar olub. Lakin Rusiyanın sülhməramlı adlanan kontingenti hələ də üzərinə düşən vəzifəni icra etmir və ya icra etmək istəmir".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış məlum üçtərtəfli bəyanata görə tərəflərin hər birinin müəyyən öhdəlikləri var və bu öhdəliklərin icra edilməsi şərtdir:
"Azərbaycan olaraq biz üzərimizə düşən bütün öhdəlikləri icra etmişik. Lakin erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması, bölgədəki nəqliyyat əlaqələrinin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması iə bağlı müddəalar hələ də icra olunmamış qalır.
Bunlar isə təkcə Ermənistanın deyil, həm də Rusiya tərəfinin öhdəlikləridir. Belə ki, bəyanatın 4-cü maddəsinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti ərazilərimizə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ancaq məlum olduğu kimi Rusiyanın sülhməramlı kontingenti nəzərdə tutulan dislokasiya yerinə tam olaraq yerləşsə də hələ də Xankəndi, Xocalı, Xocavənd və ətraf ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılması təmin edilməyib. Eyni şəkildə bəyanatın 7-ci bəndinin tələbləri, yəni əhalinin öz yurdlarına qaytarılması ilə bağlı müddəa da birtərəfli şəkildə icra olunub. Yəni həmin ərazilərərə Rusiya Müdafiə Nazriliyinin rəsmi məlumatına əsasən 52 min erməninin qayıtması təmin olunduğu halda bir nəfər də olsun azərbaycanlının qaytarılması ilə bağlı sülhməramlılar tərəfindən hər hansı addım atılmayıb. Ermənistan və Rusiya tərəfinin icra olunmamış öhdəlikləri içərisində təbii ki, 9-cu bənddə olanlar da var, yəni yuxarıda da dedyim kimi nəqliyyat yollarının blokadadan çıxarılması. Daha konkret desək, həmin maddənin tələblərinə görə Ermənistan tərəf vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli idi. Rusiya isə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları vasitəsilə həmin yol üzrə nəzarəti həyata keçirməli idi".
Politoloq əlavə edib ki, göründüyü kimi sadaladığım öhdəliklər hələ də icra olunmamış qalır:
"Əvəzində Rusiyanın nəzarəti altında olan Laçın yolundan separatçı rejimə silah-sursat daşınmasına, üçüncü ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan həmin ərazilərə sərbəst giriş çıxışına şərait yaradılır. Dünənki hadisə onu göstərir ki, silah-sursatın daşınması təkcə Laçın yolu ilə deyil eyni şəkildə alternativ marşrutlarla da həyata keçirilir. Bu isə yenə də Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziləridir. Bütün sadalananlar onu göstərir ki, Rusiya separatçı rejimin cinayətkar fəaliyyətinə göz yummaqda davam edir və hətta hər vasitə ilə onlara dəstəyini də əsirgəmir. Bütün bunlar təbii olaraq Rusiyanın ərazilərimizi tərk etməsini şərtləndirir və Rusiya bu cür fəaliyyəti ilə faktiki olaraq ərazilərimizdə qalma müddətini daha da qısaldır".
Rəna Həsənova