"Bu məsələlərə hissiyatlardan kənar, olduğu kimi, obyektiv yanaşmaq lazımdır. Əgər bir şəxs nəyəsə ehtiyac duyursa, onun hansı yoldan gəlməsinin heç bir anlamı yoxdur. Əsas məqsəd ondan ibarət olmalıdır ki, həmin ehtiyaclar ödənilir. Bu gün Azərbaycan Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımıza yardım göndərir. Onlar haray-həşir salırlar ki, guya "blokada"dirlar, "aclıq" çəkirlər, Azərbaycan da yardım göstərir. Amma həmin yardımı almaqdan imtina edirlər".
Bu fikirləri Faktmedia.az-a professor, millət vəkili Musa Qasımlı deyib.
Professor hesab edir ki, belə olduqda sual yaranır, deməli "blokada", "aclıq" teatrının arxasında oyunlar dayanır, " blokada", "aclıq" uydurmadır:
"Yenə sual yaranır ki, bəs bu teatrın arxasında dayanan məqsədlər nədir? Məqsədlər hamıya aydındır. "Blokada", "aclıq" şousunun arxasında dünya ictimai rəyini aldatmaq, uydurulmuş bir məsələni beynəlxalq təşkilatların gündəliyinə çıxartmaq və Azərbaycana qarşı təzyiq vasitələri axtarmaq dayanır. Amma bütün bu erməni teatrının arxasında dayanan məqsədlər öz nəticəsini verməyəcək. Azərbaycan bütün hərəkətlərini dünya birliyi tərəfindən tanınmış coğrafi-siyasi sərhədləri daxilində həyata keçirir. Bu, Azərbaycan dövlətinin suveren haqqıdır. Belə olduqda ermənilərin hansı çıxış yolu qalır? Birincisi, onlar Azərbaycan qanunlarına tabe olub, digər bütün vətəndaşlar kimi bərabər şəraitdə mal və can güvənlikləri qorunmaqla yaşaya bilərlər, Azərbaycan dövləti buna təminat verir. İkincisi, əgər ermənilər Azərbaycan qanunlarına tabe olmaq istəmirlərsə, onlar köçüb gedə bilərlər. Bundan ötrü bir neçə min yük maşını kifayət edər. Üçüncüsü, əgər ermənilər Azərbaycan dövlətinin qanunlarını qəbul etməyib, hər hansı bir vasitəylə ona qarşı çıxacaqlarsa, Azərbaycan dövləti də konstitusiyaya uyğun olaraq hərəkət edəcək. Bütün normal dövlətlərin siyasəti həmişə belə olub".
Xatırladaq ki, Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.
Rəna Həsənova