"Azərbaycan və Ermənistan arasında danışıqların aparıldığı bir zamanda rəsmi İrəvanın "humanitar yük"adı altında atdığı addımlar avantüradır və bir neçə məqsəd güdür. Birincisi, Ermənistan bilir ki, Azərbaycanın razılığı olmadan onun suveren ərazilərinə kimsə daxil ola bilməz. Belə olduqda İrəvan danışıqlar prossesini pozmaq, normallaşmanı uzatmaq niyyəti güdür. İkincisi, rəsmi İrəvan bu hadisədən istifadə edərək Azərbaycana qarşı qərbdə kampaniya aparmağı hədəfləyir. Nəhayət, bu hadisə ilə Ermənistan rəhbərliyi regionda marağı olan dövlətləri toqquşdurmağa cəhd edir".
Bu fikirləri Faktmedia.az-a millət vəkili, professor Musa Qasımlı deyib.
Deputat bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi aydındır:
"Yüklər Xankəndi-Ağdam yolu ilə daşına bilər. Azərbaycanın bütün ölkələrlə, o cümlədən, qardaş Türkiyə ilə quru sərhədləri bağlıdır. Ancaq dövlətimiz, ərazimizdə yaşayan erməni vətəndaşlar üçün Laçın sərhəd keçid buraxılış məntəqəsini işlək vəziyyətdə saxlayır. Bu addım sırf humanitar xarakteri daşıyır, amma Ermənistan bunu qiymətləndirə bilmir. Ermənistanın bu avantürasının göstəricilərindən biri ondan ibarətdir ki, "humanitar yük" adı altında gələn maşınların üzərinə "Dağlıq Qarabağ" ifadəsi yazılıb. Aydındır ki, bizim ərazimizdə "Dağlıq Qarabağ" ifadəsi yoxdur və Azərbaycan dövləti belə yüklərlə gələn, üstünə "Dağlıq Qarabağ" ifadəsi yazılmış maşınları öz ərazisinə buraxa bilməz. Təbiidir ki, bu məsələnin həlli yolu var və bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalı, ərazimizdəki silahlı terrorçu tör-töküntülərini çıxarmalı, sərhədlərin delimitasiyası, demarkasiyasını həyata keçirməli və sülh sazişini imzalamalıdır. Düşünürəm ki, Ermənistanın avantürasına layiqli cavab veriləcək".
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.
Bu barədə XİN sözçüsü “Twitter”də yazıb:
“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.
Rəna Həsənova