"Hamıya yaxşı məlumdur ki, Azərbaycanın Rusiya, İran, Gürcüstan və Türkiyə ilə quru sərhədləri bəlli səbəblərdən bağlıdır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti böyük humanistlik göstərərək, hələ də bizimlə düşmənçilik edən Ermənistanla quru sərhədlərini açıq saxlayıb. Kompakt şəkildə Qarabağ ərazisində yaşayan ermənilər Ermənistana rahat gedib-gələ bilirlər".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib. Deputat bildirib ki, Azərbaycanın bu xeyirxah münasibəti qarşılığında Ermənistan necə hərəkət edir? Hələ də ərazimizdə qeyri-qanuni silahlı birləşmələri, terror dəstələrini saxlayır:
"Bütün bunlarla yanaşı, öz ərazimizdə Güləbird kəndinə daxil olan torpaqda bayrağımızı ucaldan sərhədçimizə atəş açılır. Bu hadisə bir daha göstərir ki, Ermənistan terrorçu dövlətdir, başqalarının əlində alətdir, müstəqil xarici siyasət yürüdə bilmir. Baş verən hadisələrdən sonra Azərbaycan dövlətinin qəbul etdiyi bütün qərarlar beynəlxalq normalara tamamilə uyğundur. Ermənistan Azərbaycanın yaxşılığını başa düşməyəcək bir səviyyədədir. Hesab edirəm ki, Azərbaycanın qəbul etdiyi qərar dövlətimizin suveren hüququdur, ədalətlidir. Biz öz ərazimizə tuşlanan güllələri susdurmalıyıq və çox yaxşıdır ki, dərhal həmin terrorçular məhv edildi. Ermənistanla anladığı dildə danışmaq lazımdır. Bu gün Naxçıvan blokadadadır. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı bir çox problemlər yaradır və bəzi digər ölkələr də onunla bərabər hərəkət edir. Amma, Azərbaycan bir dəfə də olsun Ermənistan sərhədçisinə atəş açmayıb".
Rəna Həsənova