"Cənab prezident İlham Əliyevin Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistanın üzv, Özbəkistan, Moldova və Kubanın müşahidəçi olduqları, 2015 -ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı adlandırılan təşkilatın Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə Moskvada keçirilən iclasında qonaq qismində iştirak etməsi və çıxışı dövlətimizin çoxtərəfli, tarazlaşdırılmış xarici siyasət xəttinin göstəricisidir".
Bunu Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, dövlət başçımızın çıxışı bir sıra məsələlərin dünyaya çatdırılması ilə əlamətdardır:
"Bu nitqdə ölkəmizin əməkdaşlıq imkanları, Azərbaycanın nəqliyyat logistika, dəniz nəqliyyatı, hava nəqliyyatı, dəmiryol strukturu təqdim edildi. Əslində, bu təqdimat Azərbaycanın Avrasiyanın mərkəzi ölkəsinə çevrildiyini göstərir. Ən maraqlı cəhət ondan ibarət idi ki, Azərbaycan iqtisadi baxımdan müstəqilliyini təmin edib, Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrlə ikitərəfli əməkdaşlığını davam etdirir və gələcəkdə çoxtərəfli formatda da əməkdaşlıq imkanları mümkündür. Yəni, ölkəmiz bu təşkilata milli maraqlarımız baxımından üzv ola bilər. İclasda Ermənistanın baş naziri Paşinyanın söz alıb danışması çox gülünc idi, özünü rüsvay etdi. Cənab Prezident "dəhliz" ifadəsini izah etməklə və digər məsələlərlə Paşinyanı sanki şagird kimi başa saldı. Paşinyanın hiyləgər manevrləri də var. Onun Azərbaycanın Qarabağ iqtisadi regionunda yaşayan erməni vətəndaşların "hüquqları və təhlükəsizliyi" məsələsini söyləməsi qondarmadır və heç bir əsası yoxdur. Çünki, Azərbaycan dövləti bütün vətəndaşlarına, etnik mənsubiyyətdən asılı olmayaraq bərabər münasibət bəsləyir, hamının mal və can güvənliyini təmin edir. Hesab edirəm ki, cənab Prezidentin toplantıda iştirakı və çıxışı uğurludur. Azərbaycana sülh lazımdır. Regionun gələcəyi sülh, birgə yaşayış və əməkdaşlıqdan asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər faydalı olar".
Rəna Həsənova