"Əsir götürülmüş Azərbaycan əsgərinə qarşı Ermənistan tərəfindən edilən vəhşiliklər mövcud olan bütün müharibə qanunlarının pozulmasıdır, insanlığa qarşı cinayətdir, mühaibə cinayətidir".
Bunu Faktmedia.az-a millət Vəkili Cavanşir Feyziyev deyib.
Deputat əlavə edib:
"Ermənistan dövlətinin də qoşulduğu Cenevrə Konvensiyalarında bu kimi hərəkətlər cinayət hesab olunur və belə cinayətlərin məsuliyyətini həmin dövlət daşıyır. Azərbaycan dövləti Ermənistanın bu cinayəti ilə bağlı məlumatları və faktları hüquqi və diplomatik yollarla bütün lazımi ünvanlara çatdırır və beynəlxalq legal sistem çərçivəsində Ermənistan dövlətinə və ordusuna qarşı hüquqi addımların atılmasına nail olmağa çalışır. Bu vəhşiliklərə rəvac verən erməni dövləti və bilavasitə bu vandallıq hərəkətlərində iştirak etmiş ermənilər mütləq öz cəzalarına çatacaqlar. Unutmaq lazım deyil ki, hələ 30 il əvvəl torpaqlarımıza təcavüz etdikləri zamanı cinayət törətmiş ermənilər Vətən müharibəsi zamanı ələ keçirildilər və hazırda Azərbaycan həbsxanalarında cəzalarını çəkirlər. Bu dəfə işgəncələrə məruz qalan hərbiçimizin də qisası hər hansı bir şəkildə, amma mütləq alınacaq".
Havar Şəfiyeva