"Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilk əvvəl Azərbaycan Ermənistan arasındakı münasibətlərdəki mövcud gərginliyi aradan qaldırılması rakursundan yanaşılır Türkiyə iqtidarı tərəfindən. Zamanında Türkiyənin Ermənistanla dövlət sərhədlərinin bağlanması Ermənistanın Azərbaycana qarşı məlum təcavüzü ilə əlaqədar idi".
Bunu Faktmedia.az-a politoloq Elşən Manafov bildirib. Politoloq hesab edir ki, sonrakı illərdə də tərəflər arasındakı danışıqlarda rəsmi Ankara bir qayda olaraq münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmasının vacibliyini yalnız Ermənistanın Azərbaycanla münasibətlərindəki problemlərin aradan qaldırılması, Azərbaycana qarşı olan ərazi iddialarından imtina edilməsi, Azərbaycan ərazisindən öz işğalçı qoşunlarının çıxarılması, dövlət sərhədlərinin müəyyən edilməsi məsələlərinin həllindən sonra mümkünlüyunü hesab edir:
"Azərbaycan 44 günlük savaşının gedişində BMT-nin zamanında münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrinin birtərəfli şəkildə icrasına nail oldu, yəni Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarını azad etdi. Buna baxmayaraq Ermənistanla münasibətlərdə problemlər qalmaqdadır.Ermənista 2020-ci ilin Moskva ilə üçtərəfli bəyanatının şərtlərinin bir qismini hələ də yerinə yetirməyib. Ərazilərimizdən Ermənistan ordusunun tör-töküntüləri hələ də çıxarılmayıb, dövlət sərhədlərimizin müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlarda istənilən nəticə hələ ki, müəyyən olunmayıb, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də həll olunmayıb".
Elşən Manafov əlavə edib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü bu öhdəliyin yerinə yetirilməsi istiqamətində konkret addımların atıldığını hələ ki, görmürük:
"Bu şərtlərin yerinə yetirilmədiyi bir halda rəsmi Ankaranın Ermənistanla hər hansı bir yaxınlığa gedəcəyinin Azərbaycan-Türkiyə münasibətlərinin mövcud reallığı vəziyyətində mümkün olacağını düşünmürəm. Düzdür, sərhədlər açılıb. Hər iki dövlətin XİN-in görüşü bundan sonra ata biləcəkləri addımlara aydınlıq gətirəcəkləri barəsində olmalıdır. Əminik ki, qardaş Türkiyə Azərbaycanla münasibətlərində" bir millət, iki dövlət" amluası üzərindən qurması mövqeyindən çıxış edərək ilk əvvəl Ermənistana Azərbaycanla münasibətlərini nizama salmasını tövsiyə edərək xatırladacaq. Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında qarşılıqlı-faydalı əməkdaşlıq baş tuta bilər. Zamanında Türkiyə Avropa Birliyinin təsiri altında sülh protokollarına imza atıb, Ermənistanla sərhədlərin açılmasına razılıq vermişdi, yaxud da, razılıq vermək ərəfəsindəydi. Belə bir şəraitin yenidən yaranacağını düşünmürük. Əminik ki, Türkiyə bütün hallarda Ermənistan dövləti ilə münasibətlərdə mövcud problemlərin həllini yalnız Azərbaycan Ermənistan münasibətlərindəki problemlərin tənzimlənməsi rakursunda həll etməyə səy göstərəcək".
Rəna Həsənova