"Terror aktı onsuz da gərgin olan Bakı-Tehran münasibətlərində kəskinləşməni artırmalı idi, əslində hücumun hədəfi də belə görünür. Hücumun arxasında SEPAH-ın ola biləcəyi ehtimalı istisna deyil. İran daxilində qruplararası qarşıdurmanın olduğu bəllidir, çünki rejimin yenilənməsi və hərbçilərə ötürülməsi planı var və bu perspektivdə SEPAH ön plana çıxmaq üçün öz əhəmiyyətini artırmağa çalışır"
Bu fikirləri Faktmedia.az-a politoloq Asif Nərimanlı deyib.
Politoloq hesab edir ki, xarici düşmən faktoru onlar üçün önəmlidir və SEPAH Azərbaycan üzərindən bunu etməklə qrup maraqlarını İranın Cənubi Qafqazdakı maraqları ilə uzlaşdırır:
"Son bir ayda Bakı-Tehran xəttində müəyyən təmasların yaranması, parlamentlərarası görüşün keçirilməsi kimi hallar münasibətlərdə müəyyən normallaşma vəd edirdi və bu kontekstdə SEPAH qanadının səfirliyə edilən hücumla təmasları baltalamaq məqsədi mümkündür. Lakin ən maraqlı məqam rəsmi Tehranın məsələyə yanaşmasıdır. İran Azərbaycanla münasibətlərin pisləşməməsi üçün diplomatik səviyyədə əlindən gələni edir, yaxud görünən budur. Bu iki versiyanı önə çıxarır. Ya İran hakimiyyəti SEPAH qanadının mövqeyini bölüşmürlər, ya da hücumla istədiklərinə nail ola bilmədikləri üçün özünümüdafiə taktikasını işə salıblar. Bütün hallarda rəsmi Tehranın hazırki mövqeyi Bakı ilə münasibətlərin daha da gərginləşməsini istəməmələri yönündədir. İbrahim Rəisinin Azərbaycan prezidentinə telefon zəngi də bu kontekstdə əhəmiyyətli faktordur, çünki tərəflər son aylar yaşanan gərginlik fonunda ilk dəfə təmas qurdular və terror hücumu buna bir növ əsas yaratdı. Bu baxımdan, münasibətlərdəki əvvəlki soyuqlu davam etsə də, terror hücumunun Bakı-Tehran xəttində diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnəcəyini düşünmürəm.
Asif Nərimanlı bildirib ki, İran tərəfinin hadisənin araşdırmasının nəticələri də önəmlidir. Məsələni sadəcə “məişət hadisəsi” olaraq təqdim edəcəklərsə, bu, rəsmi Tehranın terror aktında maraqlı olmadığına dair səmimiyyətini şübhə altına alacaq və Bakının yanaşmasına da təsir edəcək:
"O da istisna deyil ki, bu terror hücumu ilə Bakı-Tehran xəttində kəskinləşməni hədəfləyən qruplar növbəti cəhdlər də edə bilərlər".
Havar Şəfiyeva