“Tehranda yerləşən Azərbaycan səfirliyinə edilən terror hücumunun arxasında İranın xüsusi xidmət orqanlarının dayandığı gün kimi aydındır. Biz 30 ildir deyirdik, yazırdıq ki, İran terror dövlətidir, ona güvənmək olmaz".
Faktmedia.az-a bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirərkən deyib.
Birliyin sədri hesab edir ki, Azərbaycan nə qədər mehriban qonşuluq müansibətlərini gözləsə də İranı ilgiləndirən yalnız öz maraqlarıdır:
"Bu gün İranın maraqları bizim maraqlarımıza tərsdir. Biz Zəngəzur dəhlizinin açılmasını, erməni işğalına son qoyulmasını istəyirik, lakin İran bunu istəmir. Biz Türkiyə-Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin sıxlaşmasını istəyirik, İran bunu istəmir. İran sarsaq bir ideya atıb ortaya: İslam dövlətləri İsraillə əlaqə qura bilməz. Niyə axı? İsrail ermənilərin donuz saxladığı məscidlərin azad olunmasına bizə kömək etdi. Xameneyinin rəhbərlik etdiyi İran isə Qarabağın işğalda qalmasına 30 il işğala səs çıxarmadı, 44 günlük savaşda erməniləri dəstəklədi. Səfirliyə terror hücumu Azərbaycanın İsraildə səfirlik açmasına cavabdır. Təhdid edirlər ki, belə davam etsəniz, qan töküləcək. Biz o yolu keçmişik. Bilirik ki, nə müstəqillik, nə ərazi bütövlüyü, nə də müstəqil siyasət qansız olmur. Qurddan qorxan meşəyə girməz. İran terror dövlətidir, ondan qorxsaydıq onda gərək müstəqilliyi elan etməyəydik”.
Elman Cəfərli bildirib ki, terror hücumundan İranın rəhbəri Əli Xameneyinin xəbəri olub:
“İranda bundan öncə Amerikanın, Səudiyyə Ərəbistanının səfirliklərinə hücum edilib. Yəni bu cür siyasət İran üçün adi bir şeydir. İranda səfirliklərə silahlı basqın kimi əməliyyatları SEPAH kimi nüfuzlu qurumlar icra edir. Bu cür əməliyyatlar ölkə rəbəri Əli Xameneyinin ofisi ilə razılaşdırılır. Yəni Xameneyinin razılığı olmadan bu hücum gerçəkləşə bilməzdi. Hücum edənin video-görüntülərini görmüsüz. Aydın görünür ki, bu, sıradan bir adam deyil, təlim görmüş şəxsdir”. Elman Cəfərli deyib ki, İran bu terror hücumu ilə istəyinə çatmadı: “Əksinə, Azərbaycandakı İran şəbəkəsi daha bir zərbəni aldı. Azərbaycan tərəfi bundan sonra daha ayıq olmalı, Bakıdakı İran şəbəskəsinə son zərbəni vurmalıdır. Bundan sonra kimsə “Xameneyinin aşiqiyəm” deyə bilməyəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu terror aktı adlandırıb.
Sevinc Hüseynova