"İran dövləti bu hadisəyə görə məsuliyyət daşıyır. Azərbaycanın İrandakı diplomatik korpusunun təhlükəsizliyi bu vaxta qədər ən yüksək səviyyədə təmin olunmalı idi".
Bunu Faktmedia.az-a deputat Ceyhun Məmmədov Azərbaycanın İrandakı səfirliyinə olunan silahlı hücuma münasibət bildirərkən deyib.
"Çünki İranın Azərbaycandayerləşən səfirliyi yüksək səviyyədə qorunur. Olunan hər birkiçik hadisəyə Azərbaycan məsuliyyətli yanaşır. Hesab edirəm ki, buna səbəb həm də İranda Azərbaycanı sevməyən və əleyhinə aparılan təbliğat da səbəb ola bilər. Hazır ki, vəziyyətdə deyə bilərəm ki, İranda Azərbaycan əleyhinə işləyən təbliğat maşınları dayandırılmalıdır. Əgər kimsə düşünürsə belə addımlar Azərbaycanı öz haqlı mübarizəsindən uzaqlaşdırır, deyə bilərəm ki, bu, səhv yanaşmadır", - deyə millət vəkili bildirib.
Siyasətçi əlavə olaraq bildirib ki, Diplomatik Əlaqələr Haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunub və Azərbaycan 21 iyul 1992-ci ildə Vyana Konvensiyasına qoşulub. Həmin sənədə əsasən, konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir, diplomatların oturduğu səfirlik binaları toxunulmazdır:
"Eyni zamanda Konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Həmçinin Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək öhdəliyi düşür. Bu məsələdə İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. İran mediası, televiziya kanalları, radiosu, qəzetləri davamlı olaraq Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirlər. Bir neçə gün əvvəl SEPAH-ın Xudafərin körpüsünə doğru yürüyüş etməsi ilə bağlı videosu da yayılmışdı. Bütün bunlar müəyyən zəmin yaradır. Odur ki, İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır. Onu da qeyd edək ki, İran tərəfi səfirliyimizdə törədilən terror hadisəsinin mahiyyətini təhrif etməyə çalışır, hadisənin guya məişət zəminində olmasını iddia edir. Lakin hər şey göz önündədir. İranın Azərbaycana qarşı düşmənçiliyi uzun müddətdir ki, davam edir və terror hadisəsini törədən terrorçunun İran xüsusi xidmət orqanları ilə bağlılığı istisna deyil".
Bəsti Məmməd