"Həmkarımıza qarşı törədilən bu cinayət aktı terror əməlidir. Dövlətimiz bununla bağlı artıq rəsmi bəyanat verib. Əmin ola bilərik ki, hüquq-mühafizə orqanlarının peşəkar mütəxəssisləri tezliklə bu cinayətin üstünü açacaqlar. Mən düşünürəm ki, bu olduqca ciddi cinayətdir, terrordur və bununla bağlı ehtimallara qeyri-müəyyən, qeyri-professional açıqlamalarla çıxış etmək xalqımızın və dövlətimizin mənafelərinə ziddir, maraqlarımıza uyğun deyil".
Bunu Faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib. Millət vəkili əlavə edib ki, bu dövlətimizin işidir və dövlət də öz vətəndaşına, millət vəkilinə qarşı törədilmiş bu terror aktının, cinayətin üstünü açacqadır. Şübhəsiz ki, bizim inkişafımız, müstəqil siyasətimiz, dövlətimizin inamla qarşısına qoyduğu hədəfləri reallaşdırması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi bəzi qüvvələrin ürəyincə deyil:
"Onlar bizə bu şərəfli tarixi yolumuzda maneələr yaratmağa çalışıblar, çalışırlar və çalışacaqlar. Biz güclüyük, iradəliyik, çünki birik! Bütün təhlükələrin qarşısında xalqımızın birliyi var. Vətən müharibəsində necə birləşmişiksə, sonrakı dövrdə də ümummilli problemlər qarşısında məqsəd və məramlar istiqamətində də birlik göstərib, bir olacağıq. Bizi təhdid etməyə çalışan qüvvələr uduzublar. Ona görə də belə iyrənc yollara əl atırlar. Dövlətçiliyimizin təməli möhkəmdir. Onların bütün cəhdləri heç olacaq. Son 30 ildə təhlükələri dəf etdiyimiz kimi, qarşımıza çıxan istənilən çətinliklərin də öhdəsindən gələcəyik. Azərbaycan xalqına qarşı təxribatların keçirilməsi vaxtları çox geridə qalıb. Azərbaycan hər zaman bir olacaq!".
Rəna Həsənova