"Bilirsiniz, İran artıq rəsmi qaydada olmasa da, müxtəlif media orqanları, yaxud siyasətçilər vasitəsilə bizim ünvanımıza açıq təhdidlər etməyə başlayıb. Bu onu göstərir ki, orada Azərbaycana hər hansı bir məsələyə görə təzyiq etməyin mümkünsüzlüyünü özləri də anlayıblar. Ona görə də belə qaba metodlara əl atırlar".
Bunu Faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib. Millət vəkili bildirib ki, iki dövlət arasında ikitərəfli, yaxud regional əhəmiyyət kəsb edən problemlər sivil yolla həll edilməlidir:
"Təzyiq heç kimin ürəyincə deyil, o ki qala müstəqil siyasət yürüdən və heç kimdən asılı olmayan dövlətimizin. İrandakılar əvvəl-axır anlamalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir, hansı layihəni istəyir öz ərazisində həyata keçirə bilər və keçirir. Kimlə istəyirik dostluq edə bilərik və edirik. Bu, heç kimi narahat etməməlidir. Əgər edirsə, bu, artıq o ölkənin şəxsi problemidir. Bizə qarşı bu kampaniyanı aparan qüvvələr bilməlidirlər ki, müracət etdikləri “tarix” elə tarixdə, keçmişdə qalıb. İndi XXI əsrdir və biz onlardan fərqli olaraq keçmişlə deyil, indi və gələcəklə yaşayır və münasibətlər qururuq. Sualınıza gəldikdə isə deyə bilərəm ki, biz bunu çoxdan bilirik və deyirik: Azərbaycanın müstəqil xarici siyasəti, iqtisadi yüksəlişi, siyasi çəkisi, hərbi qüdrəti bəzi ölkələri narahat edir. Biz bu narahatlıqda bir məntiq görmürük. Çünki bizim iqtisadi imkanlarımız və siyasi potensialımız yalnız öz xalqımızın rifahının təmin olunmasına yönəlib. Bizim bir hərbi problemimiz var idi, Ermənistan ərazilərimizi işğal altında saxlayırdı və biz öz gücümüzlə bu ədalətsizliyə son qoyduq. Başqa kimlərinsə təlaşlanmasına lüzum görmürük".
E.Allahverdiyev əlavə edib ki, İranın bu gün ən çox eyham vurduğu məsələ Zəngəzur dəhlizidir:
"Nədənsə İran bu dəhlizin onun ərazisindən deyil, Ermənistandan keçəcəyindən narahatdır və hansısa “sərhədlərin toxunulmazlığı” və “qırmızı xəttlər”dən danışır. Görəsən nəyə görə bu ölkə başqa bir ölkənin ərazisində reallaşacaq logistik layihədən narahatdır? Halbu ki, bu layihənin bir qolu da onun öz ərazisindən, sərhədboyu istiqamətdən keçəcək. Əgər bu dəhliz qorxuludrsa, onda niyə İran öz ərazisindən keçən yoldan deyil, Ermənistandan keçəcək xəttən narahatdır? Yaxşı, sabah Ermənistan hökuməti bu layihəyə imza atarsa, necə olacaq? Belə çıxır ki, həmin o “qırmızı xətti” İranın müttəfiqi olan Ermənistan keçəcək? Açığı, bizi bir qonşu, müsəlman dövlət olaraq İranın bu davranışı təəssüfləndirir. Ancaq düşünürəm ki, xüsusi önəm vermək lazım deyil. Dövlətimiz qarşısına qoyduğu hədəflərə doğru irəliləyir. Bu yolda xalqımız dövlətimizin yanındadır. Biz son 30 ildə olduğu kimi, yenə də qarşısımıza qoyduğumuz məqsədə varmaq əzmindəyik".
Rəna Həsənova