"Qardaş Türkiyə baş vermiş təbii fəlakət nəticəsində olduqca mürəkkəb vəziyyətlə üz-üzə alıb. Şübhəsiz ki, Azərbaycan bir dövlət olaraq, xalqımız isə qardaş xalq olaraq bu çətin duruma biganə qala bilməzdi".
Bunu faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib. Millət vəkili bildirib ki, Türkiyəyə edilən yardımlar miqyasından asılı olmayaraq heç bir halda onminlərlə evsiz-eşiksiz qalmış ailələrin isti ocağını, doğma evini özlərinə qaytara bilməz:
"Ancaq eyni zamanda, biz də bu halda kənarda dura bilmərik. Təbii ki, dövlətimiz Azərbaycan adına, bizim tarixi bağlarımıza, sarsılmaz qardaşlığımıza layiq addımları atır və atacaq. Buna heç bir şübhə ola bilməz. Çünki Türkiyə və Azərbaycan sadəcə dost, qardaş dövlətlər deyillər. Biz bir ananın övladlarıyıq, qardaşıq. Eyni zamanda, xalqımız da gördüyümüz kimi, özü, heç bir çağırışsız, könüllü şəkildə bu yardım prosesinə qoşulub. Hamı əlindən gələni edir, imkanlısı da, imkansızı da. Kimin gücü nəyə çatır. Məgər Laçından olan məcburi köçkün analarımızı kimsə məcbur edir ki, evlərindəki yorğan-döşəyi Türkiyədəki qardaşlarımıza göndərsinlər? Təbii ki, yox. Bu, bir milli çağırışdır, milli birlikdir baş verən bəlanın qarşısında. Tarix boyu belə olub. Biz onlara, onlar bizə yardım əlimizi uzatmışıq. Bu baxımdan, verdiyiniz suala cavab olaraq bildirmək istəyirəm ki, Türkiyədəki qardaşlarımıza hansı yardımı etsək, yenə də mənəvi bağlılığımızın tələb etdiyi borcumuzu verə bilmərik. Bir xalq olaraq hər birimiz bu məsuliyyəti dərk edir və müvafiq addımı atırıq. Hamı kimi mən də əminəm ki, qardaş Türkiyə və Türk xalqı bu taleyüklü vəziyyətdən alnıaçıq çıxacaq. Türkiyə daha da güclü olacaq".
Rəna Həsənova